Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi

Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
İQTİSADİYYAT
14:45 26.07.2025
140
Müasir Azərbaycan mediasının dəyərli mətbu nümunəsi, özünün dəst-xətti, hadisə və proseslərə prinsipial yanaşması ilə seçilən "Ədalət” qəzetinin 35 yaşı tamam olur.

1990-cı ilin bu günündə yaranmış "Ədalət” qəzetinin fəaliyyətinin qayəsində Azərbaycanın müstəqilliyi ideyası dayandı. Nəşr həmin vaxt məhrumiyyətlər və çətinliklər bahasına ərsəyə gəlmiş azsaylı mətbuat orqanları ilə barabər, bu amal uğrunda əzmlə mübarizə apardı, dövlət müstəqilliyimizi haqq və ədalət işi kimi aşılayaraq ona müqəddəs obraz qazandırdı.  

Müstəqillik illərində "Ədalət” qəzeti medianın gücünün dövlət quruculuğu naminə səfərbərlik örnəyinə çevrildi. Nəşr bu örnək fəaliyyəti ilə eyni zamanda əsl jurnalistika məktəbi kimi püxtələşdi. Elə bir məktəb ki, müdavimləri sırasında ictimaiyyətdə tanınan, söz və nüfuz sahibi olan çoxsaylı şəxslər var.

"Ədalət” bu gün də dəst-xəttinə sadiqdir. Onun sadiqliyi özündə 150 yaşlı milli mətbuatımızın ənənələrini yaşadır. Başda dəyərli Aqil Abbas və İradə Tuncay olmaqla, yubilyar nəşrin bütün ənənə daşıyıcılarını və əməksevər kollektivinin hər bir üzvünü 35 illik yubiley münasibəti ilə təbrik edirik. Əminik ki, bu əlamətdar günün bəxş etdiyi qürur və fəxarət hissi "Ədalət”ə və nəşrdə çalışanlara daha böyük uğurlar qazandıracaq.
OXŞAR XƏBƏRLƏR