"Mətbuat Şurasının gəncləşməsinin tərəfdarıyıq" - Baş redaktorların qurultaydan gözləntiləri

ÖZƏL
16:52 09.09.2022
1912
Xəbər verdiyimiz kimi, 24 sentyabr tarixində Mətbuat Şurasının VIII qurultayı keçiriləcək. 

Cəmiyyətin Mətbuat Şurasının yeni seçiləcək sədr və idarə heyətindən ümidləri böyükdür.
 
Bəs hansı dəyişikliklər və yeniliklərə yer veriləcək? 8-ci qurultayda kimlərin seçilməsi daha məqsədəuyğundur?

Əməkdar jurnalist Elçin Mirzəbəyli məsələ ilə bağlı AZXEBER.COM-a fikirlərini bildirib.

O, qeyd edib ki, özünü ictimai proseslərin içərisində görən, cəmiyyətə fayda verə biləcək insanların Mətbuat Şurasının İdarə Heyətində təmsil olunmalarının tərəfdarıdır:

"Prinsip etibarilə dəyişikliklərin və yeniliklərin olmasına qurultay qərar verməlidir. Dəyişikliklər qurultay nümayəndələrinin seçiminə uyğun olaraq olacaq. Nəzərə almaq lazımdır ki, Mətbuat Şurası ictimai tənzimləyici orqandır. Onun səlahiyyətləri yalnız proseslərin ictimai vasitələrlə tənzimənməsidir. Eyni zamanda söhbət peşə etikası qaydalarına əməl edilməsinə müəyyən qədər də nəzarətdən gedir. Yəni, bu proses hüquqi müstəvidə addım atılana qədər həyata keçiriləcək bir prosesdir. Bunun öhdəsindən nə dərəcədə gəlib, ya yox, bu, başqa müzakirələrin mövzusudur. Mən daha dinamik formada aktiv fəaliyyət göstərən, özünü bu ictimai proseslərin içərisində görən, fayda verə biləcək insanların Mətbuat Şurasının idarə heyətində təmsil olunmalarının tərəfdarıyam. Həmçinin idarə heyətinin deyil, bütövlükdə, Mətbuat Şurasının nəzdində müxtəlif aspektli müvafiq komisiyaların, ekspert qruplarının yaranması istiqamətində addımlar atılmasının tərəfdarıyam. Nizamnaməyə də bu istiqamətdə dəyişiklik edilməlidir ki, Mətbuat Şurasının fəaliyyətinə daha çox insanlar cəlb olunsun. Mütəxəssislər cəlb olunsunlar. Vacib deyil ki, onlar mütləq idarə heyətinin üzvləri olsun. Amma onların da prosesdə iştirak etməsi üçün nizamnaməyə müvafiq dəyişikliklərin edilməsi lazımdır ki, bütün bunlar hüquqi əsaslarla baş versin”.
 
 

E.Mirzəbəyli bildirib ki, gənclik, dinamika, çeviklik və təcrübənin bir yerdə olması daha effektiv nəticə verə bilər:

"Mediada kifayət qədər dəyişikliklər baş verib. Seqmentlər dəyişib, amma mən bütün hallarda peşəkar medianın bir baza olaraq bundan sonrakı proseslərin tənzimlənməsində önəmli rol oynamasının tərəfdarıyam. Çünki peşəkar medianın sütunlarının dağıdılması nəticə etibarilə yeni medianın formalaşması prosesinə də təsirini göstərə bilər. Mətbuat Şurasının idarə heyətində, rəhbər qurumlarında dəyişikliklərə gəldikdə isə, mənə görə, gənclik, dinamika, çeviklik və təcrübənin bir yerdə olması daha effektiv nəticə verə bilər. Nəinki onların arasındakı bağların qırılması. Bütövlükdə, nəsillər arasında bağ problemi təkcə media sektorunda deyil, digər sektorlarda da özünü büruzə verir. İndi bu bağların qırılmasını müşahidə edirik. Çünki yeni nəslin içərisində artıq trendlər dəyişdiyi üçün artıq peşəkarlıq müstəvisində özünü büruzə verən adamların sayı azdır. Kimin bacarığı varsa, kim bu prosesdə özünü görürsə, daha yaxşı irəliyə doğru apara bilərsə, jurnalistin peşə etikasına əməl edilməsi ilə bağlı təbliğatı daha uğurlu şəkildə qura biləcəksə, istər gənc olsun, istər orta yaşlı şəxslər, belə insanların təmsil olumasının tərəfdarıyam. Düşünürəm ki, belə insanların da sayı az deyil. Qurultayda kimin vəzifə strukturlarına seçilməsindən asılı olmayaraq, hər kəsə və bizim həmkarlarımıza uğur diləyirəm”.
 
 

"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də məsələ ilə bağlı AZXEBER.COM-a fikirlərini bildirib.

O, qeyd edib ki, Mətbuat Şurasının bütün media ictimaiyyətinin fikirlərini ifadə edən İdarə Heyəti formalaşmalıdır:

"Biz həmişə vurğulayırıq ki, mətbuat cəmiyyətin aynasıdır. Əgər mətbuat cəmiyyətin aynasıdırsa, cəmiyyətdə baş verən dəyişikliklər mətbuatın, o cümlədən Mətbuat Şurasının da fəaliyyətində öz əksini tapmalıdır. Gözləntilər əsasən bu istiqamətdədir, Mətbuat Şurası son qurultaydan keçən dövr ərzindəki dəyişikliklərə uyğunlaşmalıdır. Mediada artıq böyük dəyişikliklər baş verib. Peşəkarlıq aspektindən xeyli yeniliklər və problemlərlə üzləşmişik. Mətbuat Şurası da özünütənzimləmə orqanı olaraq bu problemlərin həllində çox yaxından iştirak etməlidir. Peşəkar müstəvidəki bütün müzakirələr Mətbuat Şurası müstəvisində aparılmalıdır. Bunun üçün də Mətbuat Şurasının bütün media camiyəsinin fikirlərini ifadə edən İdarə Heyəti formalaşmalıdır. Bu İdarə Heyətinin moderatorluğu ilə media islahatları davam etdirilməlidir. Başqa sözlə desək, aparılan islahatlara töhfə verilməlidir”.

İ.Quliyev həmçinin bildirib ki, Mətbuat Şurasının İdarə Heyətinin formalaşmasında gəncləşdirilmə prinsipinin də nəzərə alınması yaxşı olar:

"Gəncləşdirilmə həmişə lazımdır. Bu, bütün müstəvilərdə dəstəklənir. Biz dövlət siyasətində də bunu görürük. Mühüm dövlət postlarına gənc kadrların təyinatını görürük. O cümlədən Mətbuat Şurasının İdarə Heyətinin formalaşmasında da bu prinsip, məncə, nəzərə alınar. Amma gəncləşdirilmə də ənənələrə, keçmişə hörmət əsasında olmalıdır. Ümumi media ictimaiyyətinin fikirlərini ifadə etməlidir. Yəni, kimisə bu istiqamətdə nəyəsə məcbur etmək olmaz. Qurultay nümayəndələri, media rəhbərləri özləri könüllü şəkildə bu istiqamətdə hansı düşüncələri varsa, onları gündəmə gətirməlidirlər. Namizədliklərin verilməsi prosesində bu məqama diqqət etməlidirlər. Şəxsən mən öz adımdan deyə bilərəm ki, qurultay nümayəndəsi olacağamsa, media rəhbəri kimi namizədliklərin verilməsi prosesində iştirak edəcəyəmsə, bu prosesdə gənclərin də təmsil olunmasının tərəfdarı kimi çıxış edəcəyəm. Özüm də gənc həmkarlarımızın adlarını namizədlər siyahısına yazacağam”.
 
Aydın Nuri
 

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Gənc nəslin milli mənlik  şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusu üzrə dərc olunub.



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər