Metro və avtobus pulsuz olacaq

DÜNYA
20:13 14.09.2012
4823
Sabahdan Tiflisin bələdiyyə nəqliyyatında yeni güzəştli ödəniş sistemi tətbiq ediləcək.
ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, Tiflis meriyasından bildiriblər ki, sentyabrın 15-dən “Metromoney” kartı vasitəsi ilə bələdiyyə nəqliyyatında ilk gediş üzrə ödəniş (0,5 GEL – 0.25 AZN) edən sərnişinlər növbəti 1,5 ay ərzində metro və avtobuslardan pulsuz yararlana biləcək.
Belə bir təşəbbüslə Tiflis meriyası sentyabrın 7-də çıxış edib. Meriyanın yaratdığı “Tiflis merinə mənim ideyam” saytında sorğu keçirilib. Sorğunun nəticələri meriya tərəfindən müvafiq qərarın qəbulu üçün yetərli olub.
Hazırda Tiflisdə ictimai nəqliyyatda müəyyən güzəştlər mövcuddur. Paytaxt avtobuslarında və metropolitendə gün ərzində ilk gediş 0,50 lariyə (0,25 AZN), ikinci gediş 0,30 lariyə (0,16 AZN), bundan sonrakı gedişlər isə 0,20 lariyə (0,10 AZN) başa gəlir.
Bununla yanaşı bəzi kateqoriya vətəndaşlar üçün xüsusi güzəştlər nəzərdə tutulub. Məsələn, müəllimlər və pensionerlər üçün metro və avtobuslarda gediş haqqı 0,2 lari (0,10 AZN), aztəminatlı ailələrin üzvləri üçün isə 0,10 lari (0,5 AZN) təşkil edir.
“Metromoney” plastik kartından Tiflisdə 1 milyondan çox adam istifadə edir.

OXŞAR XƏBƏRLƏR