2017-ci il noyabrın 30-da Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib.
AZXEBER.COM xəbər verir ki, fondun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr, türk dünyasının maddi-mənəvi irsinin qorunması istiqamətində apardığı işlər haqqında məlumat verib. Xanım Əfəndiyeva, həmçinin, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Fondun fəaliyyətinin təmin edilməsi ilə bağlı Sərəncamından və bunun əsasında Fond üçün Bakı şəhərinin mərkəzində ayrılan inzibati binadan, orada aparılan təmir-bərpa prosesindən söz açıb.
Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlugörüşdən məmnunluğunu ifadə edib.
O bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondu fəaliyyətə başladığı qısa müddət ərzində beynəlxalq aləmdə türk
dünyasını uğurla təmsil edir. Nazir, eyni zamanda, türk mədəniyyətinin
qorunması, gələcək nəslə ötürülməsi istiqamətində Fondun əvəzsiz rolunu
vurğulayıb, buna görə də, hər zaman qurumun yanında olduğunu və gələcəkdə də
dəstəkləyəcəyini dilə gətirib.
Görüşdə Günay
Əfəndiyeva Mevlüt Çavuşoğlunu Türkiyə Respublikasının UNESCO-nun İcraiyyə Şurasında üzvlük əldə etməsi münasibətilə
təbrik edib və bu hadisənin yalnız Türkiyə üçün deyil, ümumilikdə türk dünyası
üçün əhəmiyyətli olduğunu bildirib. Mövlüt Çavuşoğlu UNESCO-nun İcraiyyə
Şurasında üzvlük əldə olunmasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun
dəstəyini vurğulayaraq, təşəkkürünü bildirib.
Dağlıq
Qarabağ probleminə toxunan Günay Əfəndiyeva Qarabağ həqiqətlərini dünyaya
çatdırmaq üçün Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib və
bu dəstəyə görə qardaş ölkəyə təşəkkür edib. Nazir öz növbəsində iştirak etdiyi
beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini və Dağlıq
Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha vurğulayıb.
Sonda tərəflər arasında gələcək əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.