İtaliyanın "Milan" klubu baş məşqçisi Paulu Fonseka ilə yollarını ayıra bilər.
Bu barədə məşhur jurnalist Nikolo Skira məlumat yayıb.
Onun sözlərinə görə, rəhbərliyin bəzi üzvləri Çempionlar Liqasının I turunda "Liverpul"a məğlubiyyətdən (1:3) sonra 51 yaşlı mütəxəssisin istefaya göndərilməsini istəyirlər.
Hətta onun sentyabrın 22-də A Seriyasında "İnter"lə matçdan sonra da qovula biləcəyi vurğulanıb.
Qeyd edək ki, P.Fonseka iyuldan Milan təmsilçisində işləyir. Komanda onun rəhbərliyi altında çıxdığı beş matçın 2-də məğlub olub, eyni sayda heç-heçə edib, bir görüşdə isə qələbə qazanıb.