Millət vəkili Əliabbas Salahzadə şəhid Abbas Əliyevin ailəsini ziyarət etdi

Millət vəkili Əliabbas Salahzadə şəhid Abbas Əliyevin ailəsini ziyarət etdi
SOSİAL
12:48 28.03.2022
271

Millət vəkili Əliabbas Salahzadə Novruz bayramı ərəfəsində Ramana qəsəbəsində yaşayan şəhid Abbas Əliyevin ailəsinə baş çəkib. 

AZXEBER.COM xəbər verir ki, görüşdə Vətən müharibəsində şəhidin keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb, xatirələrindən danışılıb. Şəhidin anası Təranə Əliyeva "Yaşat” Fondunun maddi dəstəyi ilə nəvəsinin "Kaspi” Liseyində təhsilə başlamasına göstərdiyi köməyə görə Əliabbas Salahzadəyə minnətdarlığını bildirib. O qeyd edib ki, Abbas Əliyevin Vətənə əmanət qalan yeganə oğul övladı da atası kimi igid böyümək istəyir, bunun üçün hətta idmanla məşğul olur.  

Millət vəkili Əliabbas Salahzadə bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsində canlarından keçən Vətən oğullarının döyüşlərdə göstərdiyi şücaəti gələcək nəsillərə nümunə hesab etmək olar. Onların xatirəsini yaşatmaq və əziz tutmaq isə hər bir vətəndaşın mənəvi borcudur. Deputat şəhid ailələrinin qarşılaşacaqları problemlərlə bağlı ona müraciət edə biləcəklərini və bu məsələlərin həllində əlindən gələni etməyə həmişə hazır olduğunu da vurğulayıb. 

Xatırladaq ki, həmvətənimiz Abbas Əliyev Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına” və "Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb. Şəhidin oğul övladı Vətənə əmanət qalıb. 
OXŞAR XƏBƏRLƏR