Millət vəkili Hikmət Atayev dünən yol qəzasında dünyasını dəyişib. APA-nın bölgə müxbiri yol qəzasından dərhal sonra hadisə yerində olub və video görüntü hazırlayıb.Qeyd edək ki, H.Atayev idarə etdiyi avtomobillə cümə axşamı saat 21:20 radələrində Balakən rayonunun Qazma kəndi ərazisində qəzaya uğrayıb.Hikmət Atayev hadisə yerində vəfat edib. Balakən Mərkəzi Xəstəxanasından verilən məlumata görə, maşında olan mərhumun oğlunun vəziyyəti qənaətbəxşdir. Hadisənin onların Gürcüstandan qayıdarkən baş verdiyi bildirilir. H.Atayev bu gün Zaqatalada dəfn olunacaq.Xatırladaq ki, Hikmət Atayev 1953-cü il fevralın 4-də Zaqatalada anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdi. 1977-ci ildən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında cərrah, 2002-ci ildən Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb.2005 - 2006-cı illərdə Zaqatala şəhər bələdiyyəsinin sədri olub. 2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilmişdi. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü idi.