Millət vəkilləri 2014-cü ili necə dəyərləndirir? - Deputatlar danışır

SİYASƏT
16:45 29.12.2014
1203
2014-cü ilin son günlərini yaşayırıq. 2015-ci il artıq qapıların kandarını döyəcləyir.
2014-cü il Azərbaycan üçün necə bir il oldu?

AZXEBER.COM deputatlar arasında bu sualla sorğu keçirib.

Millət vəkili Çingiz Qənizadə:
“Bu ili ölkəmiz üçün müsbət dəyərləndirirəm. Sevindirici haldır ki, ölkədə iqtisadi böhran yaşanmayıb, iqtisadi inkişaf urğurla davam etdirilir. Regionların sosial-iqtisadi inkişafında uğurlu addımlar atılıb. Böyük layihələr həyata keçirilib. İnsanlarımız razı salacaq xeyli problemlər həll olunub. Ölkədə bələdiyyə seçkiləri müvəffəqiyyətlə keçirilib. Beynəlxalq təşkilatlarla əməkdaşlığımız normal səviyyədə davam etdirilir. Bu il bizim üçün uğurlu hesab olunmalıdır. Dağlıq Qarabağ məsələsi ilə bağlı problemimiz hələ həll olunmayıb. Amma Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət, cənab prezidentin verdiyi bəyanatlar bizi ruhdan düşməyə qoymur və torpaqlarımızın azad olunacağı əminliyini verir”.
Millət vəkili Aydın Mirzəzadə:
“2014-cü il bundan əvvəlki illər kimi Azərbaycan üçün uğurlu bir il oldu. Dünyada gedən iqtisadi böhrana baxmayaraq, düşünülmüş aparılan strateji xətt Azərbaycana həm daxili, həm də xarici siyasətdə uğurlar gətirib. Hansısa bir hadisənin üzərində xüsusi dayanmaq istəməzdim. Hesab edirəm ki, Azərbaycanın nüfuzunun artmasına, iqtisadiyyatının güclənməsinə, vətəndaşının sosial vəziyyətinin yaxşılaşmasına xidmət edən hər bir hadisə Azərbaycanın aktivinə yazılan hadisədir”.
Millət vəkili Məlahət Həsənova:
“2014-cü il Azərbaycan üçün bir il hesab edirəm. Görülən işlər, həyata keçirilən dövlət proqramları uğurlarımızdır. Hədəflərə çatmaq ilidir. Azərbaycanın bölgələrində layihələr uğurla reallaşdırılıb. Sözsüz ki, görüləsi işlər çoxdur, qarşıdakı illərdə də uğurlu fəaliyyətlər davam etdiriləcək”.
Millət vəkili Vahid Əhmədov:
“Bütün dünyada ciddi iqtisadi proseslər getdiyi bir vaxtda 2014-cü ili Azərbaycan üçün əlamətdar, uğurlu bir il hesab edirəm. Azərbaycanda ciddi iqtisadi təlatümlər olmadı. Qarşıya qoyulan məsələlər fakttiki olaraq hamısı uğurla yerinə yetirildi. Bu ildə ölkəmizin müstəqilliyi və iqtisadiyyatı üçün çox böyük əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizi kəmərinin tikintisi ilə əlaqədar təməl daşı qoyuldu. Hesab edirəm ki, bu 1994-cü il 23 sentyabr layihəsinə oxşar bir layihədir. Mən bunu hətta XXI əsrin kontraktı adlandrmışam. Bu müqavilə əsasında 2018-ci ilə qədər Azərbaycana külli miqdarda sərmayə qoyulacaq və ölkəmiz öz qazını Avropaya ixrac edəcək. 2015-ci ildə Azərbaycanda Avropa Oyunları keçiriləcək. Oyunların gerçəkləşdirilməsi üçün ölkədə çox ciddi hazırlıqlar görülür. Bu layihənin həyata keçirilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Qonşu dövlətlərdə çox ciddi böhranlar yaşanır və onlara tətbiq olunan sanksiyalar nəticəsində milli valyuta dəyərdən düşür. Azərbaycanda isə milli valyutanın dəyəri qorunub saxlanılır. Bu isə ölkə iqtisadiyyatı, sosial həyat, insanlar üçün böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, dünya müstəvisində götürəndə 2014-cü ili Azərbaycan üçün uğurlu bir il hesab edirəm”.
Millət vəkili Musa Qasımlı:
“2014-cü il ölkəmizin həyatında əlamətdar hadisələrlə yadda qalıb: Xalqımızın daha yaxşı yaşamasına yönəlmiş dövlət siyasəti yürüdülüb. Milli birliyimiz möhkəmlənib. Ölkəmizin beynəlxalq mövqeləri güclənib. Cənab Prezidentimiz İlham Əliyev xarici ölkələrə səfərləri və beynəlxalq təşkilatlarda iştirakı zamanı apardığı danışıqları, etdiyi nitqləri ilə millətimizin və dövlətimizin başını uca edib. Bir neçə dövlətin rəhbəri Azərbaycanda olub. Bakıda böyük beynəlxalq tədbirlər keçirilib. Mədəniyyətimiz dünyada daha geniş tanıdılıb. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolu artıb. Nəhəng layihələrin əsası qoyulub".

Orxan
OXŞAR XƏBƏRLƏR