‘Milli Şurada İsa Qəmbərə qarşı böyük təzyiqlər var’ - Cümşüd Nuriyev

SİYASƏT
14:18 20.06.2013
2004

Cümşüd Nuriyev: “Onun İbrahimbəyovu dəstəkləməsi müxalifətin növbəti məğlubiyyəti ilə nəticələnəcək”

“Milli Şura partiya üzvü olmayan ziyalılarımızdan birinin 2 illik keçid dövrü üçün vahid namizəd kimi irəli sürülməsi konsepsiyası əsasında yaranıb. Müsavat Partiyasının da bu meyarlara cavab verən prioritet namizədi Rüstəm İbrahimbəyovdur”.

Mətbuata açıqlama verən Müsavat Partiyasının başqanı İsa Qəmbər belə deyib. Məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyev hesab edir ki, İsa Qəmbərin Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləməsi başadüşülən deyil. Müsavat başqanı iki illik məsələsini gündəmə gətirdi. İsa Qəmbər bununla ağıllı siyasi gediş etmək istəyir. Politoloq bildirib ki, Milli Şurada İsa Qəmbərə qarşı böyük təzyiqlər var. Bu təzyiqlər Rusiyanın Milli Şuradakı adamlarının aldığı tapşırıqlar əsasında həyata keçirilir. Çünki, Kreml İsa Qəmbəri Azərbaycan müxalifətinin vahid namizədi kimi görmək istəmir. Hətta bir müddət əvvəl də bəyan edilmişdi ki, Milli Şura daxilində İsa Qəmbəri zərərsizləşdirmək planı həyata keçiriləcək. İdeyanın əsas əsas oyunçuları isə Eldar Namazov və Əli Kərimlidir: “İsa Qəmbərin namizədliyi nəinki Rusiyaya, heç Müsavat başqanının Qərbyönümlü olması ABŞ-ın da maraqlarına uyğun gəlmir. Çünki, İsa Qəmbər daha çox Avropaya inteqrasiyanın tərəfdarıdır. Bu da Ağ Evin Azərbaycan maraqlarını əks etdirmir. Birdən-birə İsa Qəmbərin belə bir qərar verməsi “G-8”lərin İrlandiya görüşü ilə bağlıdır. İsa Qəmbər hansısa səfirlikdən belə bir məlumat alıb və bu qərara gəlib. ABŞ səfirliyi demək olar ki, bütün Azərbaycan müxalifətini idarə edir. İsa Qəmbərə də müəyyən Avropa səfirliklərindən məsləhət görülüb ki, Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləsin. İbrahimbəyovun ABŞ-dakı görüşlərindən sonra İsa Qəmbərin belə bir bəyanatla çıxış etməsi şübhələrə aydınlıq gətirir. Rusiya və ABŞ Azərbaycana qarşı razılaşdırılmış oyun oynayırlar. Azərbaycan müxalifətinin içərisində isə İlham Əliyevin alternativi yoxdur. İsa Qəmbərin seçkilərdə namizəd kimi iştirak etməkdən imtina edib İbrahimbəyovu dəstəkləməsi müxalifətin növbəti məğlubiyyəti ilə nəticələnəcək. Rüstəm İbrahimbəyov seçkilərdə 3-5%-dən çox səs toplaya bilməyəcək”. (Olaylar.az)

OXŞAR XƏBƏRLƏR