BŞİH mitinqin vaxtını dəyişmək təklifi edə bilər
Milli Şura sentyabrın 23-də saat 15-dən 17-dək «İnşaatçılar» metrosunun yaxınlığındakı "Məhsul” stadionunda mitinq keçirməyə hazırlaşır. Mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilən məktuba hələ cavab verilməyib. Əldə etdiyimiz məlumata görə, şəhər icra hakimiyyətinin rəhbərliyi mitinq təşkilatçılarına kütləvi aksiyanın şənbə günü yox, bazar günü keçirilməsini təklif edəcək. Milli Şuranın təklifi qəbul edib-etməyəcəyi isə aksiyaa hazırlıqlarının necə olmasından asılı olacaq. Milli Şura rəhbərliyi hazırlıqların normal getdiyi qənaətində olsa, böyük ehtimalla təklifi qəbul edərək mitinqi 24 sentyabrda keçirəcəklər. Artıq sosial şəbəkə vasitəsilə Milli Şuranın rəhbərliyinə daxil olan şəxslərin xalqı mitinqə çağıran müraciətləri yayılıb.
Qeyd edək ki, Milli Şurada AXCP aparıcı qüvvə kimi çıxış edir və keçirdikləri mitinqlərin də iştirakçıları əsasən bu partiyanın üzvlərindən ibarət olur.
Milli Şuraya daxil olmayan müxalif partiyaların planlaşdırılan mitinqə qatılıb-qatılmayacaqlarını araşdırdıq.
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, partiyanın İdarə Heyətinin iclasında mitinqlə əlaqəli müzakirələr keçirilib. Milli Şuranın mitinqi ilə bağlı məsələni müzakirə etdik. Belə nəticəyə gəlinib ki, partiya üzvlərinə bu məsələdə sərbəstlik verilməlidir: ""Siyasi partiyalar haqqında” Qanuna görə bizim üzvlərimizin hüquqlarını məhdudlaşdırmaq ixtiyarımız yoxdur. Yəni onların bir fərd kimi kütləvi aksiyalarda iştirak hüququ Konstitusiya ilə müəyyən olunub. Ona görə də mövcud qanunvericiliyi nəzərə alaraq üzvlərimizin digər partiyaların, qeyri-hökumət təşkilatlarının təşkil etdiyi aksiyalarda iştirakında azad olduqları haqqında qərar qəbul etdik. Kim istəsə iştirak edə bilər. Partiya kimi isə mitinqə qatılmayacağıq. Çünki təşkilatçılar tərəfindən partiya olaraq bizə 23 sentyabr mitinqinə qatılmaq üçün müraciət olunmayıb. Şəxsən özümün də mitinqə qatılmaq fikrim yoxdur. Sosial sifariş olmayana qədər nə qədər ciddi problem olur-olsun, müxalifətin öz hesabına keçirdiyi aksiyaların ciddi siyasi nəticəsi olmur. Bunu bilə-bilə mitinqə qatılmağımı normal hesab etmirəm".
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə bildirdi ki, kütləvi aksiya keçirmək və aksiyada iştirak hər bir qurumun, vətəndaşın hüququdur. Milli Şura da qanunun verdiyi bu hüquqdan istifadə edərək qanunauyğun şəkildə mitinq üçün müraciət edib. Həmin gün şəhərdə olsam mitinqdə iştirak edəcəyəm.
AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, AĞ Partiya olaraq bu mitinqin keçirilməsi barədə müzakirələrdə iştirak etməyiblər və belə bir müzakirələrə də dəvət olunmayıblar: "Bu qərar Milli Şurada iştirak edənlər tərəfindən verilib və ümumiyyətlə, bizi mitinqin təşkilati işlərində iştiraka da kimsə dəvət etməyib. Odur ki, biz düşünürük nə keçirilməsi barədə qərarın, nə zamanı və məkanı barədə qərarın verilməsində, nə də təşkilati işlərin bölgüsündə iştirak etmədiyimiz tədbirdə iştirakımız məqsədəuyğun deyil. Biz ayrı siyasi qurumuq və digər siyasi təşkilatın siyasi qərarlarında iştirakçı olmaq bizim işimiz deyil. Hər bir təşkilat əgər qərarı təkbaşına verir və buradan siyasi divident qazanmağı düşünürsə, bu işi də təkbaşına görməlidir. Həm də biz düşünmürük ki, indi xalqda mitinqlə bağlı sosial sifariş var, hətta heç bir siyasi aktivlik də hiss olunmur. Odur ki, tədbirin uğurlu olub-olmayacağı da hələ müzakirə mövzusudur. İndiki məqamda əgər məqsəd səmimi şəkildə xalqın kütləvi etiraz aksiyasını təşkil etməkdirsə, bu qərarlar belə təkbaşına verilməməli idi. Odur ki, biz AĞ Partiya olaraq digərlərinin öz şəxsi və subyektiv düşüncəsi və analizləriylə verdikləri qərarın icrasında iştirak etməyəcəyik. Bütün bu olanlarla bağlı bizim partiya olaraq öz mülahizələrimiz mövcuddur və zamanı gələndə bunları elan edəcəyik. Hələliksə AĞ Partiya heç kimin böyük oyununun iştirakçısı və aktyoru olmaq niyyətində deyil”.
Ümid Partiyasının sədr müavini Tamilla Qulami də bildirdi ki, təşkilində iştirak etmədikləri tədbirlərə təşkilat olaraq qatılmırlar. Partiyanın üzvlərinə isə hər zaman olduğu kimi, qatılmaqda heç bir məhdudiyyət qoyulmur. Mitinqə getmək istəyənlər qatılmaq ya qatılmamaq seçimində sərbəstdir.
AMİP katibi Elşən Mustafayev isə bildirdi ki, bu günə kimi AMİP çağırılmasında və təşkilində iştirak etmədiyi istənilən kütləvi tədbirə partiya olaraq qatılmayıb. Qanun çərçivəsində keçirilən icazəli tədbirlərə isə hər hansı partiya üzvləri qatılarsa, bu, artıq onların fərdi qərarıdır və həmin şəxslərin qərarlarına partiya müdaxilə etmir. Bu dəfə də yanaşma belə olacaq.
KXCP sədrinin müavini Xəzər Teyyublu da qeyd etdi ki, təmsil olunduğu partiya mitinqin təşkilatçısı olmadığı və təşkilatçılardan rəsmi dəvət almadığı üçün partiya şəklində mitinqə qatılmayacaq. Lakin üzvlərin fərdi şəkildə iştirakına qadağa qoyulmayıb. X.Teyyublu şəxsən özünün fərdi olaraq mitinqə qatılmaq fikrinin olduğunu dedi: "KXCP olaraq bu haqda mövqeyimiz keçiriləcək mitinqin şüarlarını dəstəkləməkdən ibarətdir. Düzdür, mitinqin təşkilatlanma işində iştirak etmirik. Bunu birbaşa Milli Şura edir. Amma səsləndiriləcək şüarları və tələb edilənləri dəstəkləyirik. Partiyanın üzvləri mitinqdə iştirakla bağlı sərbəstdir”.
Yeni Müsavat