UEFA 2016-cı il Avropa çempionatının teleyayım hüququ ilə bağlı yeni müqavilə imzalayıb
UEFA 2016-cı il Avropa çempionatının teleyayım hüququ ilə bağlı yeni müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun baş katibi Canni İnfantino Avropa Yayım İttifaqı (EBU) ilə anlaşdıqlarını bildirib. Anlaşmaya əsasən, EBU Avro-2016-nın seçmə mərhələ oyunlarının İctimai telekanallarla yayımını tam şəkildə təmin etməlidir. Bu, UEFA-ya daxil olan 30 ölkəyə aiddir. Öz yığmasının ev və səfər oyunlarını yayımlamaq hüququ əldə edəcək ölkələr arasında Azərbaycan da var. Bu isə o deməkdir ki, artıq növbəti seçmə mərhələdə millimizin ev və səfər qarşılaşmaları İctimai Televiziya (İTV) ilə yayımlanacaq. Qeyd edək ki, yığmamızın DÇ-2014-ün seçmə mərhələsindəki oyunları “İdman Azərbaycan” və AzTV kanalları ilə yayımlanır. UEFA və Avropa Yayım İttifaqı arasında millinin oyunlarının teleyayım hüququ ilə bağlı imzalanan müqaviləni şərh edən İctimai Televiziyanın (İTV) İnformasiya və Analitik Departamentinin şərhçisi Tural Dadaşov qitə futbol qurumunun qərarını alqışlayıb. O bildirib ki, UEFA yalnız gəliri deyil, bayrağı altında keçirilən oyunların daha çox kütləvi olmağında, azarkeşlər tərəfindən izlənməsində maraqlıdır. Dadaşov qeyd edib ki, anlaşma tək Avro-2016 deyil, DÇ-2018-nin Avropa zonası üçün seçmə mərhələ oyunlarına da aiddir: “Bu haqda bizim şirkətə məktub daxil olub. Həmin məktubla tanış olmuşam. Yəni, 2014-2018-ci illərdə milli komandamızın həm ev, həm də səfər oyunlarının hamısı İctimai Televiziya ilə yayımlanacaq. Millinin oyununu yayımlamağı hər bir telekanal istəyər. Bizim də indiyədək böyük beynəlxalq layihələrimiz olub. Bildiyiniz kimi, bütün Olimpiya Oyunları Azərbaycanda yalnız bizim kanalda yayımlanır. Təbii ki, bu cür nüfuzlu yarışların sırasında millimizin də oyunlarının olmağını arzulayırdıq. Çünki milliyə maraq həddindən artıq böyükdür və ona görə də yayımla maraqlanmağa başlamışdıq”. İTV rəsmisi idman şöbələrinin istənilən beynəlxalq yarışlar – istər futbol, istərsə də digər idman növləri üzrə tam təcrübəsinin olduğunu deyib: “Ötən il Azərbaycanda keçirilən 17 yaşadək qızlardan ibarət yığmalarının dünya çempionatının final mərhələsinin eksklüziv yayım hüququ bizdə idi. Düzdür, bu yığmalar arasında fərq olsa da, istənilən halda, təcrübə var. Çalışacağıq ki, yayım maksimum yüksək səviyyədə olsun. Buna hazırlaşmağa yetərincə vaxtımız var”-deyə T. Dadaşov bildirib.