Misir: böhrandan vətəndaş müharibəsinə doğru - Newtimes

DÜNYA
14:45 22.08.2013
1112

Qahirədə qanlı qarşıdurmalar davam edir. Hadisələrdə xarici dövlətlərin əli olduğu haqqında informasiyalar yayılır. Eyni zamanda, ölkədə fəaliyyət göstərən radikal dini qruplaşmaların gərginliyi artırdığı deyilir. Bir fakt şübhəsizdir ki, Misir regionun bütün dövlətlərindəki vəziyyətə təsir edir. Bunun geosiyasi nəticələri ilə bağlı müəyyən proqnozlar verilir. Lakin daha təhlükəlisi cəmiyyətin siyasi aspektdə parçalanmaya doğru getməsidir.

Təhlükəli oyunlar: gərginlik yüksəlir

Misirdə qanlı toqquşmalar davam edir. Həlak olan dinc insanların sayı artır. Bəzi məlumatlara görə, artıq 3500-dən çox misirli həyatını itirib. Siyasətçilər isə öz mövqelərini dəyişmək istəmirlər. Məhəmməd Mursini devirənlər sərt və zorakı üsullardan istifadə edirlər, "Müsəlman qardaşları" isə müqaviməti zəiflətmək niyyətində deyillər. Bunların fonunda böyük geosiyasi güclər qurduqları planları həyata keçirməyə çalışırlar. İndi ölkədə həssas və getdikcə daha da mürəkkəbləşən bir vəziyyət yaranıb.

Rəsmi Qahirə Mursi tərəfdarlarını sıxışdırmaqda davam edir. Ölkənin hər bir yerində həbslər aparılır, müxtəlif təzyiq üsullarından istifadə olunur. M.Mursinin özünə qarşı isə yeni ittihamlar irəli sürülür. Onu üsyanın təşkilində və insanların həlak olmasına səbəb olan hərəkətlər etməkdə suçlayırlar. Hüsnü Mübarəkin isə həbsdən çıxması gözlənilir.

Maraqlıdır ki, Misirdə hadisələrin bu cür inkişaf etməsinə region dövlətləri fərqli reaksiya verirlər. Səudiyyə Ərəbistanının xarici işlər naziri bəyan edib ki, "Qərb Misirə yardımları dayandırsa, zəngin ərəb və müsəlman dövlətləri maddi kömək göstərəcəklər'' (bax: Suudi Arabistan: Arap ülkeleri Mısır'a yardıma hazır // www.dunya.bugun.com.tr, 19 avqust 2013). Qətər və Türkiyə isə bir qədər fərqli mövqedədirlər – onlar Mursini legitim prezident hesab edirlər. Bu səbəbdən Misirin yeni iqtidarını hakimiyyəti zorla devirməkdə ittiham edirlər.

Onu deyək ki, rəsmi Qahirə Türkiyənin bu münasibətinə öz mövqeyini bildirib. Misirin yeni xarici işlər naziri Ankaranı düşmən kimi davranmaqda ittiham edib. Bəzi informasiya vasitələri isə müvəqqəti prezident Adli Mənsurun ölkəsinin "erməni soyqırımı"nı tanıyacağı haqqında öz "Twitter" səhifəsində yazdığı barədə məlumat yayıblar. Bu, rəsmi təsdiqini tapmasa da, Türkiyə-Misir münasibətlərinin gərginliyindən xəbər verir.

Türkiyənin "Milliyet" nəşri ABŞ-da çıxan "New York Times" qəzetinə istinadla Misirdəki vəziyyətə İsrailin ciddi təsir etdiyini yazıb (bax: Mısırda bütün ipler o ülkenin elinde // www.dunya.milliyet.com.tr, 19 avqust 2013). Məhz Təl-Əviv general Sisiyə vəd verib ki, Amerikanın ona qarşı sanksiyalar tətbiq etməsinə imkan verməyəcək. Ekspertlər hesab edirlər ki, Misirin indiki iqtidarı buna arxayın olaraq dinc insanları qətlə yetirməkdən çəkinmir.

Avropa İttifaqının Misirdə baş verən hadisələrə öz münasibəti vardır. Bu təşkilat rəsmi Qahirəyə qarşı müəyyən sanksiyalar tətbiq etməyə hazırlaşır. İngiltərənin xarici işlər naziri Vilyam Heyq Misir ordusu ilə bağlanmış müqavilələrin bir neçəsini dayandırdıqlarını bəyan edib. O, hakimiyyəti zorla ələ keçirməyi qəbul etmədiklərini, ancaq hazırkı iqtidarı da rədd etməyəcəklərini bildirib.

Ekspertlər Misir ətrafında cərəyan edən proseslərin regionun geosiyasi mənzərəsinə əhəmiyyətli dərəcədə təsir etdiyini vurğulayırlar. Məsələn, bütövlükdə bu hadisələri "böhran geosiyasəti" kimi qiymətləndirirlər (bax: Египет: геополитика кризиса // "Publico.es", İspaniya; URL:www.inosmi.ru, 19 avqust 2013). Bu cür yanaşma Misirdə baş verənlərin qlobal geosiyasətlə birbaşa bağlı olduğunu etiraf etmək deməkdir. Maraqlıdır ki, bu zaman regionun hansı ölkələrinin qazandığı, hansıların isə itirdiyi haqqında fikirlər irəli sürülür. Məsələn, erməni əsilli N.Armaniyan yazır ki, Misir hadisələrindən İran qazandı, Türkiyə isə itirdi (bax: yuxarıdakı mənbəyə). Əlbəttə, biz ermənilərin Türkiyəyə düşmən münasibətini bilirik. Ancaq Avropa ölkəsində dərc edilən bu yazı onu göstərir ki, Qərbin burada konkret maraqları var. Onlar nələrdir?

Geosiyasətin hədəfi: İslam dünyası parçalanırmı?

Belə hiss olunur ki, bəzi dairələr, ümumiyyətlə, müsəlman dünyasında qarışıqlıq, müharibə, xaos və ixtilafların olmasına çalışırlar. Onlar Misirin qanuni seçilmiş prezidenti silahla devriləndə ayağa qalxmadılar. Qərb sükut içində idi. İndi isə hakimiyyət çevrilişi edənlərə qarşı sanksiyaların tətbiq edilməsindən danışırlar. Hər iki halda Misir dövlətçiliyinə qarşı hərəkət edirlər. Artıq Qərb ekspertləri hesablayıblar ki, 260 milyard ABŞ dolları həcmində dövriyyəsi olan Misir iqtisadiyyatı çökməkdədir.

Digər bir məqam müsəlman dövlətlərində seçki yolu ilə deyil, qarşıdurma, fitnə-fəsad və ixtilafla hakimiyyət dəyişikliyinin baş verməsinə çalışmaqdan ibarətdir. Bununla böyük bir geosiyasi məkanda sosial-iqtisadi inkişafı dayandırır və eyni zamanda, müsəlmanların antidemokratik obrazını formalaşdırırlar. Təbii ki, bu vəziyyətdən dünyanın böyük geosiyasi gücləri öz maraqları üçün istifadə etməyə çalışacaqlar.

Bütün bunlar Misirdə məzhəb savaşı fonunda çox təhlükəli görünür. Bir sıra dövlətlər "əl-Qaidə"nin Misirdə getdikcə gücləndiyindən narahatlıqlarını bildirirlər. Məsələn, Şimali Afrikanın bəzi ölkələri artıq bu barədə öz mövqelərini ifadə ediblər. Məsələ ondan ibarətdir ki, "əl-Qaidə" fürsətdən istifadə edib, hakimiyyətə can atır. Onun əsas mübarizə üsulu isə terrordur. Ona görə də Misirdə terrorun şiddətlənə biləcəyi ehtimalı istisna edilmir. Qərb mətbuatı bu kontekstdə şiələr və xristianlara da hücumların olduğu haqqında informasiyalar yayır. Kilsələrin dağıdıldığını vurğulayırlar. Bununla da Misirdəki hadisələrin həm də xristianlar üçün təhlükə olması təəssüratı yaradırlar.

Hazırda "Müsəlman qardaşları" müqavimətini davam etdirir. General Sisi isə bu təşkilatın bütün strukturlarını dağıtmaq xəttini seçib. Ekspertlər bunun arxasında, ümumiyyətlə, müsəlman ölkələrində siyasi İslamın mövqeyini minimuma endirməyin dayandığı qənaətindədirlər (bax: Göktürk Tüysüzoğlu. Mısır’daki darbe neden meşrulaştırılmaya çalışılıyor?// www.blog.milliyet.com.tr, 18 avqust 2013). Bu üsulla son illər İslam dünyasında baş verən siyasi-ideoloji dirçəlişin qarşısını almağa çalışırlar. Demokratik dövləti yalnız Qərb-xristian modeli üzrə qurmağın mümkünlüyünü nümayiş etdirirlər.

Bunların nəticəsində bir-birinin ardınca müsəlman dövlətləri xaosa sürüklənirlər. Onların inkişaf potensialı azalır, tənəzzül başlayır. İndi belə proqnozlar verilir ki, Yaxın Şərqdə xaos uzun müddət davam edəcək. Belə olan halda orada dayanıqlı inkişafdan danışmaq mümkün deyildir.

Misirdə hazırda baş verənlər başqa amillərlə yanaşı, demokratiyanın da sınağıdır. Etiraf etmək lazımdır ki, bu istiqamətdə qüsurlar çoxdur. Qərb ölkələri Misirdə demokratiyanı qoruya bilmədilər – onlara ideoloji faktor mane oldu. Bundan sonra dünyanın hər hansı başqa ölkəsində həmin münasibətin təkrarlanmayacağına təminat yoxdur.

Proseslərin gedişi göstərir ki, Misir vətəndaş müharibəsinə doğru gedir. Orada siyasi qrupların barış və dialoqdan danışması hələlik mümkün deyildir. Bu qarşıdurmanın bütün ölkəni əhatə edə biləcəyi təhlükəsi vardır. Düşündürücüdür ki, hadisələrin bu istiqamətdə inkişaf etməsinin qarşısını almaq üçün heç bir ciddi addım atılmır.

Qərb sanksiyalar tətbiq etməklə proseslərə əngəl olmur, sadəcə sözdə demokratiya tərəfdarı kimi çıxış edir. Region ölkələri arasında isə Misirlə bağlı yekdil mövqe yoxdur. Əksinə, rəsmi Qahirənin bəzi addımları göstərir ki, müsəlman ölkələri arasında nifaq güclənə bilər. Bir zamanlar birləşmək kursu götürən İslam dünyası indi parçalanma ilə üz-üzədir.

Misir hadisələri həm də onu sübut edir ki, radikal dini qruplaşmaların mövcud olduğu cəmiyyətlərdə kənar qüvvələrin intriqa yaratmaq imkanları genişdir. Bu da din məsələsində çox ehtiyatlı davranmağın zəruri olduğunu göstərir. "Əl-Qaidə", "ən-Nusra", "Hizbullah", "Müsəlman qardaşları" və s. kimi dini mahiyyətli təşkilatların siyasətə gəlişi ziddiyyətlərlə müşayiət olunur. Qahirənin küçələrində baş verənlərə bu cür qlobal miqyasdan nəzər salsaq, məsələnin çox dərin faktorlarla əlaqəli olması haqqında nəticə çıxara bilərik.

Newtimes.az

OXŞAR XƏBƏRLƏR