19 aprel 2014-cü il tarixində Divan Exspress Bakı otelində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilati dəstəyi ilə “Mobil Apps-Azerbaijan” layihəsinin təqdimat mərasimi keçirilib.
AZXEBER.COM-un məlumatına görə, təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Sahil Balazadə, Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev, “Mobil Apps-Azerbaijan” layihəsinin rəhbəri Elçin Məmmədov və mobil proqramlar üzrə ekspert və devloper İbrahim İbrahimov iştirak etmişdir.
İlk olaraq “Mobil Apps-Azerbaijan” layihəsinin rəhbəri Elçin Məmmədov Gənclər Fondunun elan etdiyi dördüncü qrant müsabiqəsinin C kateqoriyası çərçivəsində keçirilən “Mobil Apps-Azerbaijan” layihəsinin əsas məqsədinin gənclərin İT biliklərinin inkişaf etdirilməsi, müasir texnoloji biliklərdən istifadə etməklə ölkəmizi təbliğ etmək və gənclər vasitəsilə Azərbaycanı müxtəlif istiqamətlərdə ən gözəl şəkildə təqdim etmək imkanı yaratmaqdan ibarət olduğunu bildirmişdir. Sonra iştirakçılara Android əməliyyat sistemində çalışan AZMAPPS adlı proqram təminatı təqdim olunub.
Android mobil cihazlarında istifadə olunacaq proqram YouTube kanalına PlayStore-a qoşularaq oradan məlumatları alacaqdır. Bu proqram təminatının üstünlüklərindən biri budur ki, hər hansı xarici vətəndaş bu proqramı istifadə etməklə Azərbaycan haqqında olan digər apps proqramlar, videoları və s. əsas məlumatları özündə birləşdirəcəkdir. Bundan əlavə web service olaraq WCF RestFull texnologiyasından istifadə edərək bizim işğal altında olan torpaqlar haqqında veb səhifələrin linklərini və Azərbaycanda yazılan proqram (Android) siyahısını dinamik olaraq dəyişiklikləri görmə imkanı verəcəkdir. Proqramın ilkin versiyasında idarəetmə paneli müəyyən funksionallığı öz üzərinə götürəcək.
Sonra layihənin keçirilməsində təşkilati dəstəy olan Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev çıxış edərək, layihə çərçivəsində hazırlanan AZMAPPS proqram təminatının ənənəvi təbliğat və maarifləndirmə üsullarından fərqli olaraq inkişaf etmiş müasir informasiya texnologiyalarından səmərəli istifadə edərək qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün planşetlərdə, smartfonlarda (android sistemli) istifadə olunacaq proqramın olduqca əhəmiyyətli olduğunu qeyd etmişdir.
“Mobil Apps-Azerbaijan” layihəsinin təqdimat mərasimindən sonra 50 nəfərə yaxın gəncə “Mobil Application”lar mövzusunda maarifləndirici seminar təşkil olunub. Seminar ekspert və devloper İbrahim İbrahimov tərəfindən aparılıb. Seminar layihə iştirakçılarının sualları ilə davam etmişdir.






