Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur.
Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarət haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, müvafiq proqram təminatı ilə təchiz edilmiş mobil telefonlar nağdsız və təmassız ödənişlərin qəbulu üçün POS-terminal hesab ediləcək. Bundan başqa, qanuna "texnoloji neytrallıq” anlayışının əlavə olunması, müxtəlif ödəniş texnologiyalarına bərabər imkanların yaradılması və elektron ticarətdə ödəniş qaydalarının dəyişdirilməsi nəzərdə tutulur.
Bəs bu yenilik sahibkarların xərclərinə və vətəndaşların gündəlik ödənişlərinə necə təsir edəcək?
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, mobil telefonların POS-terminal kimi istifadəsi texniki baxımdan müasir və rahat həll olsa da, yeniliyin iqtisadi təsirləri diqqətlə qiymətləndirilməlidir:
"Mobil telefonların POS-terminal kimi istifadə olunması artıq bir müddətdir mövcuddur və getdikcə daha geniş yayılır. Texniki baxımdan bu, müasir və rahat həlldir. Ancaq ölkədə nağdsız ödənişlərin genişləndirilməsi adı altında növbəti texnoloji dəyişiklik müzakirə olunarkən əsas suallar açıq qalır. Bu yenilik sahibkarın xərclərini nə qədər azaldacaq, vətəndaşın cibinə necə təsir edəcək və iqtisadiyyatda hansı real problemi həll edəcək?
Kiçik sahibkar onsuz da icarə haqqı, əməkhaqqı, vergi, kommunal xərclər və bank komissiyaları ilə üzləşir. Hazırda sahibkarın xərc strukturu olduqca yüklənmiş vəziyyətdədir. Mobil telefon ödəniş qəbul edən avadanlığa çevrilərkən bir sıra suallara aydınlıq gətirilməlidir. Bank komissiyaları aşağı salınacaqmı? Hesaba daxil olan vəsaitin sahibkarın sərəncamına keçməsi sürətlənəcəkmi? Texniki nasazlıqlara və ödəniş mübahisələrinə görə məsuliyyəti kim daşıyacaq?”.
İqtisadçının sözlərinə görə, nağdsız ödənişlərin genişləndirilməsi sahibkarlar üçün əlavə maliyyə yükünə çevrilməməlidir:
"Əgər məqsəd şəffaflığı artırmaq, bank xidmətlərinin qiymətini aşağı salmaq, ödəniş sisteminə çıxış imkanlarını genişləndirmək və sahibkarların üzləşdiyi maneələri aradan qaldırmaqdırsa, bu məsələlərin həlli daha yaxşı nəticələr verə bilər. Xüsusilə kiçik biznes üçün aşağı komissiyalı və əlçatan ödəniş infrastrukturu yaradılsa, yaxşı olardı.
Digər tərəfdən, nağdsız ödənişlərin genişləndirilməsi iqtisadiyyatın bütün struktur problemlərini həll etmir. Əhalinin gəlirləri aşağıdırsa, qiymətlər artırsa, sahibkarın vergi və maliyyə yükü ağırdırsa, ödəniş cihazının formasını dəyişməklə iqtisadi fəallığı əhəmiyyətli dərəcədə yüksəltmək mümkün deyil. İqtisadi model üzərində düşünmək lazımdır. Sahibkarın xərcləri yüksəkdirsə, ödəniş üsulunun dəyişdirilməsi nə sahibkar, nə də istehlakçı üçün əhəmiyyətli fayda verməyəcək”.
A.İbrahimov vurğulayıb ki, dövlət rəqəmsallaşdırma ilə yanaşı, rəqabət mühitinin yaxşılaşdırılmasına və kiçik biznesin maliyyə imkanlarının genişləndirilməsinə də diqqət yetirməlidir:
"Dövlət rəqəmsallaşdırma ilə yanaşı, rəqabət mühitinin yaxşılaşdırılmasına, bank xidmətlərinin ucuzlaşmasına, kiçik biznesin maliyyə resurslarına çıxışına və əhalinin real gəlirlərinin qorunmasına xüsusilə diqqət yetirməlidir. Bu məsələlər həll edilərsə, effektiv nəticə gözləmək olar.
Qanun layihəsində nəzərdə tutulan texnoloji neytrallıq prinsipinin praktiki nəticələri də ölçülməlidir. Bazarda bütün ödəniş həllərinə bərabər imkanlar yaradılmalı, təhlükəsizlik tələbləri aydın müəyyən edilməlidir. Sahibkarın hansı xidmətə görə nə qədər ödəniş etməli olduğu şəffaf şəkildə göstərilməlidir. Əks halda, yeni texnologiya rəqabəti gücləndirmək əvəzinə, mövcud ödəniş infrastrukturu iştirakçıları üçün əlavə gəlir mənbəyinə çevrilə bilər.
Əsas məqsəd sahibkarın xərclərinin azaldılması, ödənişlərin təhlükəsizliyinin təmin edilməsi, rəqabətin gücləndirilməsi və vətəndaşların maliyyə xidmətlərindən daha sərfəli formada istifadə etməsi olmalıdır. Biznesin real problemləri həll edilmədən texnoloji yeniliklərə iqtisadi islahat kimi yanaşmaq düzgün deyil”.
Şahanə Ziyad











































