Moskvada Xocalı ilə bağlı mitinqə icazə verilmədi

Moskvada Xocalı ilə bağlı mitinqə icazə verilmədi
18:11 21.02.2013
1088

Mitinqə icazənin ləğvinin səbəbi kimi başqa ölkənin işinə müdaxilə göstərilib

Moskva meriyası Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə etiraz aksiyasının keçirilməsinə verdiyi icazəni ləğv edib. Bu barədə APA-nın Moskva müxbirinə etiraz aksiyasının təşkilatçılarından biri, Azərbaycan Yəhudi Dostluq İcması (AYDİ) təşkilatının həmtəsisçisi Paşa Alev məlumat verib. P. Alev bu gün Moskva meriyasının Taqanski rayon prefekturasına çağırıldığını bildirib. Meriyanın etiraz aksiyasının keçirilməsinə dair verdikləri icazəni ləğv etdiklərini söyləyən P. Alev bildirib ki, mitinqə icazənin ləğvinin səbəbi kimi başqa ölkənin işinə müdaxilə göstərilib: “Bizə Taqanski rayon prefekturasının səlahiyyətli nümayəndəsi Lebedevin imzası ilə fevralın 24-də paytaxtın “Yauzskie vorota” meydanında dinc etiraz aksiyası keçirilməyə icazənin verildiyi məktub göndərilib. Bu gün isə həmin icazəni ləğv etdiklərini bildirdilər. Səbəb kimi isə başqa ölkənin işinə qarışmağın yolverilməz olduğunu söyləyirlər”. Xatırladaq ki, Rusiya paytaxtında Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı etiraz aksiyası keçirilməyi planlaşdırılırdı. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, aksiyanın təşkilatçısı Azərbaycan-Yəhudi Dostluq İcması (AYDİ) təşkilatıdır. Moskva meriyasının təşkilatçılara aksiyasının keçirilməsinə razılıq verdiyi bildirilirdi. Moskva meriyasının Taqanskiy rayon prefekturasının təşkilata göndərdiyi cavab məktubunda Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı təşkil olunan aksiyanın fevralın 24-də Moskvanın “Kitay Qorod” metrosunun yaxınlığında yerləşən “Yauzskie vorota” meydanında keçirilməsinə icazə verildiyi bildirilirdi. Aksiya saat 15:00-da başlayacaqdı..

OXŞAR XƏBƏRLƏR