Azərbaycan Hava Yolları” (AZAL) oktyabrın 25-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə müntəzəm aşağı büdcəli uçuşlara başlayır.
“Report” aviaşirkətin məlumatına əsasən bildirir ki, AZAL-ın kassalarında və şirkətin saytında bu istiqamət üzrə aviabiletlərin bronlaşdırılması və satışına başlanılıb.
Uçuşlar “Airbus A320” təyyarəsi ilə gündəlik reyslə həyata keçiriləcək.Bu istiqamət üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) AZAL-ın saytında və aviaşirkətin satış məntəqələrində bir tərəfə 99 avro təşkil edir.
Bu marşrut üzrə hər ayrıca baqaj üçün (23 kq-dan artıq olmayan) ödəniş nəzərdə tutulur, ölçüsü 55x35x20 sm olan əl yükünü (8 kq-dan artıq olmayan) təyyarəyə götürmək isə pulsuzdur.Reys Heydər Əliyev Beynəlxalq Hava Limanının II terminalından saat 15:00-da çıxacaq, yerli vaxtla saat 17:10-da Vnukovo hava limanına çatacaq.Əks istiqamətdə reys Moskvadan saat 18:10-da çıxacaq, yerli vaxtla saat 22:00-da Bakıya çatacaq.
Qeyd edək ki, AZAL-ın kassalarında və şirkətin saytında 99 avroya Bakı-Dubay-Bakı, Bakı-İstanbul-Bakı və Bakı-Antalya-Bakı aşağı büdcəli marşrutları üzrə də bilet əldə etmək olar.