Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.
Son zamanlar gündəmdə olan və çəkilməsi səbirsizliklə gözlənilən "Mübariz” filmi Milli Qəhramanımızın yaddaşlarda qalması üçün gözəl bir addım olduğunu deməliyik.
Qeyd edək ki, "Mübariz” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə bir türk film şirkəti tərəfindən çəkiləciyi barədə fikirlər səslənirdi. "Mübariz” filminin çəkilməsi ilə bağlı işlərin nə yerdə olduğunu öyrənmək üçün təşkilatçılarla əlaqə saxladıq.
Təşkilatçılardan AZXEBER.COM-a bildirdilər ki, bütün hazırlıqlar başa çatıb, filmdəki aktyor və aktrisalar demək olar ki, artıq məlumdur: "Filmin maliyyə məsələsini isə, özü xaricdə yaşasa da və biznesinin böyük hissəsi xaricdə olsa da daima ölkəmiz və dövlətimiz üçün əməli fəaliyyətləri olan, ölkəmizdə bir çox biznes sahələri olan tanınmış iş adamı Fərhad Əhmədov bu filmin maliyyə məsələsinin həll olmasını öz öhdəsinə götürdü və bildirdi ki, biz bu filmi çəkərək bir daha dünyaya cənab Prezidentin rəhbərliyi ilə güclənən Azərbaycanın ordusunun və gənclərinin gücünü göstərmiş olacağıq”.
Qeyd edək ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
Təsdiq edilməmiş versiyalara görə, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir.
Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb.
Şəhid Mübariz İbrahimovun ailəsinə son məktubu
"Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar.
Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".