Müəllimlərin maaşı ilə bağlı yenilik olacaq - Ekspert açıqladı

Müəllimlərin maaşı ilə bağlı yenilik olacaq - Ekspert açıqladı
SOSİAL
15:25 13.11.2025
1024
Elm və təhsil naziri Emin Əmrullayev müəllim maaşlarının aşağı olmasının əsas səbəblərindən danışıb. Nazir bildirib ki, ölkədə müəllimlərin əməkhaqlarının aşağı olmasına təsir edən əsas amillərdən biri onların həftəlik dərs saatlarının az olmasıdır.
 
Onun sözlərinə görə, hazırda hər dörd müəllimdən biri həftədə cəmi 12 saat dərs deyir ki, bu da onların maaşlarının aşağı olmasına gətirib çıxarır. Emin Əmrullayev qeyd edib ki, qarşıdakı illərdə müəllimlik peşəsində saatlıq, yarımştat və təsadüfi dərs demə praktikasının aradan qaldırılması, bunun əvəzində daimi və peşəkar iş modelinin yaradılması nəzərdə tutulur.

Təhsil eksperti Elmin Nuri AZXEBER.COM-a açıqlamasında bildirib ki, bir müddətdir bu məsələ ictimaiyyətin əsas müzakirə obyektinə çevrilib:

"Müəllimlər sosial şəbəkələrdə və digər platformalarda məsələ ilə bağlı öz narazılıq və narahatlıqlarını ifadə edirlər. Lakin məsələ ilə bağlı rəsmi bir açıqlama verilməlidir. İctimaiyyətə belə bir məlumat ötürülüb ki, 2026-cı ildən etibarən müəllimlərin maaşı dərs saatı ilə deyil, iş saatı ilə hesablanacaq. Amma bəzi məsələlərdə tələsməməli, onların detallarını tam öyrənməyə çalışmalıyıq”.

Ekspert deyib ki, iş saatına uyğun maaş almaq üçün müəllimlər yüksək bal toplamalıdır:

"Hər bir müəllim istəsə belə, dərs saatı ilə işləmək mexanizmindən iş saatı mexanizminə avtomatik keçə bilməz. Bunun üçün müəllim sertifikatlaşdırmada yüksək bal toplamalıdır. Bu proses könüllülük prinsipi ilə həyata keçiriləcək. Deyək ki, siz müəllimsiniz, sertifikasiyadan kifayət qədər yüksək bal toplamısınız, amma istəmirsiniz ki, maaşınız iş saatına görə hesablansın. Bu, sizin tam hüququnuzdur. Siz dərs saatı ilə işləməyə davam edə bilərsiniz”.
 


Təhsil eksperti qeyd edib ki, yeni sistemdə iş saatı rejiminə keçən müəllimlərin dərs saatları qüvvədə qalır:

"Yeni sistemdə iş saatı rejiminə keçən müəllimlərin dərs saatları qüvvədə qalır. Sadəcə olaraq, iş saatı bitənədək müəyyən fəaliyyət istiqamətləri müəyyənləşdirilir ki, müəllim həmin vaxt ərzində onlarla məşğul ola bilsin. Buraya dərs mövzularına hazırlıq (qarşıdakı və ya əvvəlki dərslərin təhlili), tədris proqramlarının planlaşdırılması, şagirdlərlə fərdi hazırlıq və məşğələlər, valideynlərlə iş və sosial aktivliyin artırılması daxildir. Bu, müəllimlərə iş saatı müddətində həm dərsə hazırlıq, həm də əlavə fəaliyyətlərlə məşğul olmaq imkanı yaradacaq. Təəssüf ki, biz bu yeniliyi yalnız maaş artımı ilə əlaqələndirib, sanki müəllimlərə qarşı yönəlmiş addım kimi dəyərləndirdik”.

E.Nuri vurğulayıb ki, sözügedən proses bir çox ölkələrdə tətbiq olunur:

"Finlandiya, Almaniya, Cənubi Koreya kimi ölkələrdə də iş saatı prinsipi tətbiq olunur. Bu modeldə iş saatı əsasında çalışan müəllim dərs saatından əlavə hansı fəaliyyətlərlə məşğuldursa, onların hər biri üçün ay sonunda ayrıca ödəniş hesablanır. Bizdə də eyni prinsiplə hesablama aparılarsa, bu, müəllimlər üçün daha ədalətli və faydalı sistem olacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR