Divarlar qopub tökülür, həyət isə baxımsız vəziyyətdədir. Eyvanların vəziyyəti isə binanın daxili hissələrindən daha acınacaqlıdır.
AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən xəstəxananın bir korpusu artıq illərdir baxımsız vəziyyətdədir və fəaliyyət göstərmir. Müalicələr isə digər iki binada bu şəraitdə davam etdirilir.
Burada müalicə alan şəxslərin sözlərinə görə, xəstəxana illərdir bu vəziyyətdə fəaliyyət göstərir və pasiyentləri qəbul edir.
Məsələ ilə bağlı Xəstəxana rəhbərliyindən bildirildi ki, binanın qəzalı vəziyyəti ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilib.
Xəzər rayon İcra Hakimiyyətindən isə "Xəzər Xəbər”ə bildirildi ki, binanın əsaslı təmir olunması ilə bağlı TƏBİB-ə rəsmi məktubla müraciət olunub.
TƏBİB-dən verilən məlumata görə, Respublika Müharibə Veteranları Xəstəxanasının mövcud vəziyyəti qiymətləndirilib və binanın əsaslı təmirə ehtiyacı olduğu müəyyən edilib. Xəstəxananın infrastrukturunun yaxşılaşdırılması və təmiri ilə bağlı işlərin zəruri resurslar müəyyənləşdirildikdən sonra mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.











































