Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev dünən Düşənbədə keçirilən sammit çərçivəsində görüşüblər. Onlar AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti müzakirə ediblər. Putin vurğulayıb ki, bununla əlaqədar kompensasiyalar ödəniləcək və günahkarlar cəzalandırılacaq.
Bu görüş həm ikitərəfli münasibətlərin yenidən tənzimlənməsi baxımından, həm də regionda yaranmış gərginlikləri yumşaltmaq məqsədilə mühüm rol oynayıb.
AZXEBER.COM xəbər verir ki, Milli Məclisin deputatı Elşad Musayev deyib ki, AZAL-ın təyyarəsi vurulandan sonra Azərbaycanın Rusiya qarşısında tələbləri var idi:
"AZAL-ın təyyarəsi vurulandan sonra Azərbaycanın Rusiya qarşısında tələbləri var idi. Rusiya isə həmin tələbləri lazimi səviyyədə cavablandırmamışdı. Başda Cənab Prezident İlham Əliyev olmaqla Azərbaycanın siyasi rəhbərliyi qətiyyətli qətiyyətli mövqe tutdu. Azərbaycan cəmiyyəti də öz siyasi rəhbərliyini dəstəklədi. Belə bir məqamda bir qurulu mövqe tutmaq lazım idi. Eyni zamanda siyasi təşkilatlar, cəmiyyət və media olaraq vahid mövqedən çıxış etdik. Azərbaycan müstəqil və qalib dövlətdir. Azərbaycanla heç kəs şərt dilində danışa bilməz”.
Parlamentari qeyd edib ki, İki ölkə arasında əlaqələrin korlanmasına səbəb qarşı tərəf idi:
"Bakı və Moskva arasında münasibətlərin gərginləşməsinə səbəb Azərbaycan deyildi. Nəticə etibarilə Rusiya Prezidenti Vladimir Putin dünən günahkarların cəzalandırılacağını və kompensasiya ödəyəcəklərini bildirdi. Bu isə buzların əriməsi ilə müşahidə olundu. Hazırda münasibətlərin düzəlməsi hər iki dövlətin maraqlarına xidmət göstərir. Azərbaycan heç kəslə münasibətləri pozmaq niyyətində deyil. Amma Azərbaycanın müstəqilliyə qarşı hansısa addımın atılacağı təqdirdə adekvat cavab veriləcək”.
Şahanə Ziyad