Münhendə keçirilən ənənəvi Oktoberfest pivə festivalı şəhərin şimalında yaşayış binasında partlayıcı maddənin aşkar olunması səbəbindən bu gün bağlı qalacaq.
Bu barədə "Bild” məlumat yayıb.
Bildirilib ki, xüsusi təyinatlı qüvvələr atəş və partlayış səslərinin eşidildiyi ərazini araşdırır.
Polisin ilkin açıqlamasına görə, yaşayış binası ailə münaqişəsi zəminində qəsdən yandırılıb. Hadisə yerində bir nəfərin meyiti aşkarlanıb, digər şəxsin isə itkin düşdüyü bildirilir.
"Hazırda bütün ehtimallar araşdırılır. Münhenin digər yerləri ilə, o cümlədən "Theresienwiese” (Oktoberfestin keçirildiyi ərazi) ilə mümkün bağlantılar yoxlanılır. Buna görə festival meydançalarının açılışı gecikdirilib”, – polis açıqlamasında qeyd edib.
Məlumata görə, dünyanın ən böyük xalq festivalı olan Oktoberfest sentyabrın 20-də açılıb və oktyabrın 5-də başa çatacaq. Festivalın rəsmi saytında qeyd olunub ki, Münhenin şimalında baş verən partlayışla əlaqədar tədbir bu gün yerli vaxtla axşam saat 17:00-a qədər bağlı qalacaq.
\apa