Murad Arif telekanallara səsləndi: ''Xəyyamı verilişlərə çağırmayın''

MAQAZİN
14:16 15.11.2012
2622
Müğənni Xəyyam Nisanov dekabrın 1-də Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək. “Solo” adlanan konsert barədə konsertin prodüseri Murad Arif məlumat verdi. Bildirdi ki, müğənni bəzi mahnılarını konsertdə çox özəl formatda təqdim edəcək: “Xəyyam 3 saata yaxın, canlı konsert proqramı ilə tamaşaçılar qarşısında çıxış edəcək. Heydər Əliyev sarayının şərtləri elədir ki, orda fonoqramla ifa etmək olmaz. O da istəsə, bəzi müğənnilərimiz kimi, başqa bir yerdə fonogram konsert verə bilərdi. Yalandan işıqlarla, rəqqaslarla baş allada bilərdik. Amma fikirləşdik ki, Xəyyam Nisanov konsert verirsə, bu daha yaxşı və canlı ifa olmalıdır. Sonra efirdə çıxıb bəziləri kimi deməsin ki, konsert verdim adı da fonoqramdı".M.Arifin sözlərinə görə, konsertdə Azərbaycanın ən yaxşı musiqiçiləri, caz, estrada musiqiçiləri, instrumentalistləri Xəyyamı müşayiət edəcək. Xəyyam konsertdə Ukraynalı rəqqaslarla birlikdə çıxış edəcək, çox maraqlı rəqslər və hətta, sirk nümunələri də olacaq. "Xəyyamın bəzi mahnıları çox özəl formatda təqdim ediləcək. Ülviyyə Könül və mən bu konsert üzərində çox gərgin işləyirik. O isə daim vokal dərslərindədir, musiqiçilərlə, müəllimlərlə məşq edir. Xəyyam heç yerdə səsləndirmədiyi mahnılarını, başqa müğənnilərin repertuarından olan bəzi mahnılar var ki, onları da ilk dəfə konsertdə oxuyacaq. Vaqif Gərayzadənin digər ifaçılara yazdığı mahnılar var ki, həmin mahnıları ancaq öz ifaçılarının repertuarında eşitmisiz. Bax bu cür bir neçə mahnını konsertdə Xəyyamın ifasında dinləmək imkanınız olacaq. Xəyyam ingilis dilini bilən müğənnilərdəndir. Və konsertdə məşhur xarici musiqilər var ki, onları canlı ifa edəcək. Konsertə 3 ay qalmış Xəyyam heç bir efirə çıxmır. Artıq sonuncu aydır. Sizin vasitənizlə demək istəyirik ki, konsertə qədər Xəyyamı verilişlərə çağırmasınlar”.Konsertdə duet ifaların olacağını deyən Murad Arif onu da bildirib ki, konsertin musiqi tərtibatı çox zəngindir: “Xəyyam kimlərlə duet oxuyubsa, həmin duetlər konsertdə səslənəcək. Xəyyam Nisanov sevərləri konsertə dəvət edirik. “Bum-bum”, “İstanbul”, “İstidir”, “Ağ mələyim”, “İndi bildim”, “Bakı-Moskva” və sair hit mahnıları həm müşaiyət, həm də səslənmə baxımından yeni təravətdə dinləyə biləcəksiniz. Bir qismi akustika olacaq, bir qismi isə klub musiqisi. Bir sözlə, musiqi tərtibatı çox zəngindir”.

OXŞAR XƏBƏRLƏR