“Münaqişənin həlli üçün öncə işğal faktı aradan qalxmalıdır”
Rusiya İctimai Palatasının üzvü, politoloq Maksim Şevçenko Dağlıq Qarabağ münaqişəsinin həll olunması prosesi ilə bağlı açıqlama verib. O bildirib ki, Ermənistanın Gömrük İttifaqına daxil olması Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında böyük rola malik ola bilər: “Tərəflər münaqişənin həll edilməsi yolunda nailiyyət əldə etməsələr də, yayda baş verən atışmalardan sonra danışıqların davam etdirilməsinin özü də uğurdur. Əslində Ermənistanın Gömrük İttifaqına qəbul edilməsi Azərbaycan üçün də sərfəlidir. Bununla, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi sürətlənə bilər. Bundan başqa, bu, Azərbaycanın tranzit yollarının da qısalmasına imkan yaradacaq. Bu, indi uzaq gələcək olaraq görünsə də, irəliləyişin əldə olunmasında böyük addım olardı”.
Politoloq Dağlıq Qarabağ münaqişəsinin Avropa və ABŞ-ın köməyilə həll edilməyəcəyinə əminliyini də bildirib. Onun fikrincə, Qərb Cənubi Qafqazda təsir nöqtəsinin olması üçün münaqişənin həllinin uzadılmasında maraqlıdır. Bununla belə, ekspert Qarabağ münaqişənin İran və Türkiyənin iştirakı olmadan həll etməyin çətin olacağını da deyib.
Sözügedən məsələ ilə bağlı AZXEBER.COM-a danışan millət vəkili, politoloq Musa Qasımlı bildirdi ki, hər şeydən əvvəl Ermənistan müstəqil bir dövlət olmadığı üçün qərarlarını da müstəqil qəbul etmir: “Nə diktə olunursa, o qərar da qəbul olunur. Münaqişənin həllinə gəldikdə isə, konflikt Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranıb. O təcavüzün nəticəsində yaranmış münaqişəni həll etmək üçün öncə işğal faktı aradan qaldırılmalıdır. Yəni Ermənistan silahlı qüvvələri işğal edilmiş Azərbaycanın torpaqlarından çıxmalıdır. O ki qaldı, münaqişənin həlli prosesinə Türkiyə və İranın cəlb edilməsinə, Türkiyə ATƏT-in Minsk Qrupunun üzvlərindən biridir. Amma təəssüf olsun ki, indiyədək yalnız Minsk Qrupunun həmsədrləri fəaliyyət göstərir, qrup üzvlərinin sanki fəaliyyəti yoxdur. Fikrimcə, ATƏT-in Minsk Qrupu həmsədrləri formatından biz səylərin artırılmasını tələb etməliyik. Onlar öz mandatları çərçivəsində bu münaqişənin həllinə çalışmalıdırlar”.
Azxeber.com