Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, iclasda əvvəlcə görülən işlər və qərarların icrası barədə İcra Aparatının rəhbəri Gülağa Aslanlının məlumatı dinlənilib.
Divanın toplantısında Ramazan ayı ilə əlaqədar Müsavat Partiyasının ənənəyə sadiq qalaraq bu il də iftar süfrəsi açması təqdir edilib.
İstanbulda baş verən terror qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə Müsavat Partiyası rəhbərliyinin Türkiyə səfirliyini ziyarət etməsi haqda məlumat dinlənilib.
Müsavat başqanı Arif Hacılı ABŞ-ın müstəqillik günü ilə baglı bu ölkənin səfirliyinin təşkil etdiyi tədbirdə Müsavat rəhbərliyinin iştirakı haqda Divanı məlumatlandırıb.
İclasda ölkədə və dünyada gedən ictimai siyasi proseslər, o cümlədən Rusiya-Türkiyə münasibətləri, Rusiya prezidenti Vladimir Putinin Finlandiyanı NATO üzvlüyü məsələsində təhdid etməsi geniş müzakirə olunub. Rusiyanın işğalçı siyasətindən əl çəkmək niyyətinin olmamasının dünya üçün, xüsusilə də Qafqaz regionu üçün ən ciddi təhlükə mənbəyi kimi qalması vurğulanıb.
ATƏT-in sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin Bakıya səfəri zamanı müxalif siyasi partiyalarla görüşməməsinə aydınlıq gətirlməsi məqsədilə Almaniyanın Bakıdakı səfirliyinə sorğu göndərilməsi planlaşdırılıb.
İctimai TV-nin alternativ fikrə efir vaxtı ayırmamasının bu TV-nin fəaliyyəti ilə bağlı qanunvericiliyə zidd olması xatırladılaraq, Müsavat Partiyası üçün efir vaxtının ayrılması tələbi ilə televiziya rəhbərliyinə rəsmi məktubla müraciət olunması qərarlaşdırlıb.