Müsavat Partiyası aclıq aksiyasını dayandırdı

SİYASƏT
20:42 18.05.2015
1054
Xəbər verdiyimiz kimi, Müsavat Partiyası siyasi məhbusların azadlığa buraxılması tələbi ilə mayın 12-dən etibarən partiyanın qərargahında aclıq aksiyasına başlamışdı. Artıq 7 gündür ki, davam edən aclıq aksiyası bu gün başa çatıb.
Partiyanın Məclis üzvü Şakir Abbasov, Binəqədi rayon təşkilatının sədri Rauf Ağa, Nizami rayon təşkilatının üzvü Əli Həsənov və Xəzər rayon təşkilatının sədri Niyaz Nəsirlidən ibarət 4 nəfərin başlatdığı aclıq aksiyası mayın 18-də dayandırılıb.
Yeddi gün ərzində aksiyaya regionlardan da ciddi dəstək verilib. Müsavat aksiyaya qoşulmaqla bağlı çoxsaylı müraciətləri nəzərə alaraq, mayın 16-da ümumrespublika dəstək günü elan etmişdi.
Aksiyanın 4-cü günündə partiyaya baş çəkərək, etirazçılarla söhbətləşmişdik. Onların səhhətləri ilə maraqlanmışdıq. Həmin günlərdə aclıq edən 4 partiya fəalının səhhətləri normal olsa da, sonradan vəziyyətləri pisləşib.
Aksiya iştirakçılarından iki nəfər - Niyaz Nəsirli və Əli Həsənov dünən, yəni mayın 17-də səhhətləri ilə əlaqədar olaraq, həkimlərin məsləhəti ilə aclığı dayandırmağa məcbur olublar.
Bu gün isə digər iki nəfər - Şakir Abbasov və Rauf Ağa partiya rəhbərliyinin xahişi ilə aclıq aksiyasını dayandırıblar.
Bu haqda məlumatı musavat.com-un əməkdaşına Müsavat Partiyası başqanının müavini Elman Fəttah verib:"Mayın 12-də Müsavat Partiyasının qərargahında “Siyasi məhbuslara azadlıq!” tələbi ilə başladılan aclıq aksiyası Müsavat Partiyası başqanının müavinləri Yadigar Sadıqov və Tofiq Yaqublunun müraciətləri və partiya Divanının qərarı nəzərə alınaraq, mayın 18-də başa çatdı.
Hesab edirik ki, bu etirazımız yerli və xarici mediada kifayət qədər işıqlandırıldı. Müsavat Partiyası siyasi məhbusların azad edilməsi məsələsini bir daha gündəmə gətirdi. Və diqqətlərin bu məsələyə yönəlməsinin vacibliyini vurğuladı. Bundan sonra da Müsavat Partiyası siyasi məhbusların azad edilməsi ilə bağlı silsilə tədbirlərini davam etdirəcək.
Əsas məqsədimiz Avropa Oyunlarına qədər Azərbaycanda siyasi məhbusların azad edilməsinin vacibliyini, mühümlüyünü, bunun xüsusi ilə də dövlət maraqları üçün çox böyük əhəmiyyət kəsb etdiyini hakimiyyətin diqqətinə çatdırmaqdır. Və əlavə olaraq, izah etməkdir ki, hakimiyyət siyasi məhbusları azad etməmək israrına son qoysun".
OXŞAR XƏBƏRLƏR