Müsavat Partiyasında Nərgiz Yaqublunun anım tədbiri keçirilib

SİYASƏT
20:41 22.05.2015
2082
Mayın 22-də Müsavat Partiyasında bir müddət əvvəl dünyasını dəyişən gənc fəal Nərgiz Yaqublunun anım tədbiri keçirilib. Musavat.com-un xəbərinə görə, tədbirdə N.Yaqublunun ailə üzvləri, Müsavat Partiyası rəhbərliyi və üzvləri, o cümlədən onun yaxınları iştirak edirlər.
Əvvəlcə N.Yaqublunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Müsavat başqanı Arif Hacılı Nərgiz Yaqublu haqqında danışaraq onunla bağlı xatirələrini bölüşüb:“Nərgiz Yaqublu gənc bir siyasətçi idi. Fədakar mübarizədən çəkinməyən gəncliyin liderlərindən bir, igid, mübariz Azərbaycan xanımının bir obrazı idi. Bu gün Nərgiz Yaqublunu itirməyimiz bizim üçün çox ağrılıdır. Təsadüfi deyil ki, Nərgiz Yaqublunun bu gənc yaşında vaxtsız olaraq aramızdan getməsi təkcə onun ailəsini, yaxınlarını, dostlarını, partiya yoldaşlarını, hərəkat yoldaşlarını yox, bütün Azərbaycan cəmiyyətini sarsıtdı. Onun ölümü bütün Azərbaycan cəmiyyəti üçün bu kədərli və faciəli hadisə oldu”.
A.Hacılının sözlərinə görə, Nərgiz Yaqublu bir vətəndaş olaraq Azərbaycan gəncliyinin mübarizə simvollarından biri olaraq Azərbaycan tarixində qalacaq:"Əminəm ki, daim yad ediləcək. Bütün Azərbaycan xalqı tərəfindən yad ediləcək, unudulmayacaq, xatırlanacaq. Onun bu qısa həyat yolu daim valideynlər tərəfindən öz övladlarına bir nümunə kimi göstəriləcək. Bu gün onun yadigarı da sağ-salamatdır, Allaha şükürlər olsun. Böyüyüb boya-başa çatdıqda Azərbaycan xalqının sevimlisi olacaq".
A.Hacılı qeyd edib ki, N.Yaqublunun xatirəsini partiya yoldaşları və dostları daim xatırlayacaq:“Biz onun daim xatirəsini yaşatmağa çalışacağıq. Eyni zamanda, apardığımız bu mübarizəni davam etdirəcəyik. Mən əminəm ki, bizim apardığımız mübarizəyə görə, onun kimi qorxmaz, mərd, fədakar mübarizəmizə görə onun ruhu həmişə şad olacaq. Allahdan rəhmət diləyirəm”.
Anım tədbirində Nərgiz Yaqublu ilə bağlı çəkilən film də nümayiş olunub. Filmdə Nərgizin atası Tofiq Yaqublunun, bacısının, qardaşının, həyat yoldaşının, həmçinin Müsavat başqanı Arif Hacılının, çalışdığı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və digərlərinin fikirləri də yer alıb.
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər isə çıxışında qeyd edib ki, N.Yaqublunun xatirəsi heç zaman unudulmayacaq:“Nərgiz Yaqublu şərəfli bir ailənin nümayəndəsi idi, Yaqublu ailəsinin övladı idi. Şərəfli bir partiyanın, Müsavat Partiyasının üzvü idi. Şərəfli bir millətin, xalqın təmsilçisi idi. Nərgiz öz həyatı ilə ailəsinə və partiyasına da şərəf gətirən bir gənc idi. Onun xatirəsi hamımız üçün əzizdir”.
Tədbirdə çıxış edən digər insanlar da Nərgiz Yaqublunumübariz gəncliyin, demokratik mübarizənin və mücadilənin simvolu kimi dəyərləndiriblər və məhz onu bu cür xatırlayacaqlarını vurğuayıblar.A.Hacılı isə bildirib ki, artıq Müsavat Partiyası N.Yaqublu ilə bağlı mükafat təsis edəcək və hər il mükafat demokratik düşərgədə mübarizəsi ilə tanınan insanlara təqdim ediləcək.
OXŞAR XƏBƏRLƏR