Müsavatın deputatlığa 3 namizədi partiyanın qərarına tabe olmur

SİYASƏT
18:00 29.10.2015
1211

Müsavat partiyasının deputatlığa namizədlərindən 3-ü seçkidə iştirakını dayandırmaqdan imtina edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Müsavatın Milli Məclisə seçkilərdə namizədlərindən 3-ü – 79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizəd İltizam Əkbərli, 115 saylı Şəki Kənd İkinci Seçki Dairəsindən deputatlığa namizəd İkram İsrafil və 55 sayla Xaçmaz şəhər Seçki Dairəsindən deputatlığa namizəd Söhrab Əmirov seçkidə sona qədər iştirak etmək niyyətindədirlər.

79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizədi İltizam Əkbərli birmənalı şəkildə seçkidə iştirakdan imtina etməyəcəyini vurğulayıb:

“Mən Müsavat Partiyasının qərarından asılı olmayaraq, seçkidə iştirakımı davam etdirirəm, hazırda da seçicilərimlə görüşdəyəm”.

Deputatlığa namizədliyini geri götürməkdən imtina edənlər sırasında adı çəkilən Müsavat Partiyasının 115 saylı Şəki Kənd İkinci Seçki Dairəsindən deputatlığa namizədi İkram İsrafil isə telefon zənglərinə cavab vermir.

Bu gün Müsavat Partiyasının 55 sayla Xaçmaz şəhər Seçki Dairəsindən deputatlığa namizədi Söhrab Əmirov da “Facebook” sosial şəbəkəsindəki səhifəsində namizədliyini geri götürməyəcəyini, seçki marafonunda iştirakını davam etdirəcəyini bildirib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bu barədə deyib ki, həmin şəxslərin oktyabrın 31-nə qədər vaxtı var:

“Ona görə də indi onların hansı sözü demələri, hansı izahat vermələri mənim üçün o qədər maraqlı deyil. Güman edirəm ki, oktyabrın 31-nə qədər həmin şəxslər namizədliklərini geri götürməklə bağlı ərizələrini təqdim edəcəklər.

Ərizələrini təqdim etməyəcəklərsə, o halda partiyada onların məsələsinə baxıla bilər. İndiki halda vaxt var. Qərar qəbul olunub, hər kəsdən qərara hörmətlə yanaşmaq, Nizamnamə çərçivəsində hərəkət etmək tələb olunub və belə də olacaq”.

Qeyd edək ki, Müsavat Partiyasının ümumilikdə 25 namizədi qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR