Yeni Azərbaycan Partiyası 18 Oktyabr - Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə tədbir keçirib
Bu gün Bakıda 18 Oktyabr - Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə "Müstəqilliyin 25 ili-Müstəqilliyin yaşıdları” mövzusunda konfrans keçirilib.
AZXEBER.COM-un məlumatına görə, konfransda dövlət və hökumət nümayəndələri, Yeni Azərbaycan Partiyasının üzvləri, Milli Məclisin deputatları, gənclər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Konfransda çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini, icra katibi Əli Əhmədov müstəqil Azərbaycanın 25 il müddətində böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. O, 25 illik müstəqillik tarixini xalqımızın tərəqqisi, inkişafı, yüksəlişi dövrü kimi xarakterizə edib: "Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqımızın bütün arzularının reallığa çevrilməsinə imkan yaratdı.
Prezident İlham Əliyevin Ümummilli Liderin siyasətini layiqincə davam etdirməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrildi, dünyada nüfuzu artdı, xalqımızın rifah halı daha da yaxşılaşdı, müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə ciddi nailiyyətlər əldə edildi".
YAP-ın Sədr müavini vurğulayıb ki, Azərbaycan həmişə müstəqillik ideyaları ilə yaşayıb: "Bu ideyaların gerçəkliyə çevrilməsi Azərbaycan xalqını, hər bir vətəndaşını dövlətinin həqiqi sahibinə çevirib. Bu gün insanlarımız müstəqilliyin bəhrələrini görürlər və ondan yararlanırlar. Bu gün Azərbaycanın hər bir vətəndaşının rifahının yaxşılaşması müstəqilliyin bəxş etdiyi nemətlərdir. Təbii ki, biz 25 illik müstəqillikdən danışarkən formalaşmış yeni nəsildən də danışmalıyıq. Müstəqillik dövründə dünyaya gəlmiş yeni nəsil Azərbaycanın daha vətənpərvər, müstəqillik ideyaları uğrunda daha cəsarətlə və fədakarcasına mübarizə aparmağa hazır olan insanlardır. Çünki bu insanlar müstəqil Azərbaycanda doğulublar, müstəqil Azərbaycan dövlətinin ideyaları əsasında tərbiyə alıblar”.
Sonra YAP-ın gənc fəalları çıxış edərək Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu istiqamətində görülmüş işlərdən, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş uğurlardan danışıblar.