“Ola bilər ki, aparıcı müxalifət liderləri seçkiyə bir neçə gün qalmış vahid namizəd müəyyən edə bilsinlər. Hərçənd ki, mən bu realığa inanmıram”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Zərdüşt Əlizadə söyləyib.
Milli Şura və müxalifətin vahid namizədlə seçkilərdə iştirakına dair müzakirələrin getdiyi bir ərəfədə AXCP ali məclisinin sədri Həsən Kərimov Əli Kərimlinin, Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı İsa Qəmbərin, “EL” hərəkatının təmsilçisi Eldəniz Quliyev isə Eldar Namazovun daha şanslı namizəd olduqlarına dair iddia ilə çıxış edib.
Bu isə siyasi dairələrdə müxalifətin birləşmək imkanlarına vurulan zərbə kimi qiymətləndirilir.
Politoloq Zərdüşt Əlizadə hesab edir ki, əsas məsələ müxalifət daxilində kimin güclü olması deyil, seçkilərin taleyidir:
“Son ana qədər bu müzakirələr, çəkişmələr davam edə bilər. Əslində bu müzakirələr namizədlər haqqında kifayət qədər məlumatlar toplamağa şərait yaradır. Ümid edirəm ki, onlar seçkilərə hazırlıq mexanizmini nəzərdən keçirəcəklər”.
Əfsələddin Ağalarov