Nadir Qafarzadənin Hüseyn Dəryanı təhqir etməsinə cavab - AÇIQLAMALAR

MAQAZİN
17:17 31.03.2014
12090

Sayqa Cahid: “Ən qatı düşmən haqda da bu cür təhqiramiz fikir səsləndirmək olmazdı”

Kənan M.M: “Dünyasını dəyişmiş adam haqda təhqir işlətmək kimsəyə baş ucalığı gətirməz”

Keçmiş həyat yoldaşı Sona İbadova: “Bu, elə sözdür ki, cavabı belə yoxdur”

Reper Hüseyn Dəryanın avtomobil qəzasında həlak olmasından sonra onun haqqında müzakirələr dayanmır. Məşhur reperin ölümü hələ də peşəkar və sosial mediada dartışılmaqdadır.

Belə müzakirələrdən birində müğənni Nadir Qafarzadə özünün instaqram profilində Hüseyn Dəryanın ünvanına təhqiredici cümlələr yazıb.

O, sosial şəbəkədə müzakirə zamanı reperin ölümü haqda deyib:“1-cisi ölüb, cəhənnəmə, qara-gora, böyük iş olub? Gedin qara geyinin, yas saxlayın, sağ olanda hardaydınız? Küçələrdə qalanda, dilənəndə, döyüləndə, ac qalanda hardaydınız? İndi əziz oldu?”

Bu profil və fikirlərin N.Qafarzadəyə aid olub-olmamasını dəqiq öyrənmək üçün müğənninin prodüseri Ruslan Əliyevlə əlaqə saxladıq.

R.Əliyev bu barədə heç nə bilmədiyini, hazırda Nadirlə heç cür əlaqə saxlamaq imkanının olmadığını dedi.

H.Dəryanın sağlığında ən yaxın dostlarından biri də prodüser Sayqa Cahid olub. Sayqa xanımla H.Dərya və onun ölümü haqda danışdıq. Həmçinin N.Qafarzadənin reper haqda dediklərinə ondan rəy öyrənməyə çalışdıq: “Əgər mən Nadirin adına çıxılan o yazını video şəklində görsəm tam inanaram. Bu yazı bəlkə başqa adam tərəfindən yazılıb. Bəlkə bir başqası saxta profil açıb, yazıb?! Ona görə dəqiq nəsə deyə bilmirəm. Çünki adam düşünür, hətta ən qatı düşmənin haqda da bu cür təhqiramiz formada fikir səsləndirmək olmaz. Hər kəsi sevən də var, sevməyən də. Amma Hüseyn bir başqa idi. O, səhvlərini də aşkar edir, insanları onun bu halından ibrət almağa çağırırdı. Düzünü desəm, artıq bu fikirlər, efirlər məni yorubdur. Hazırda heç şəhərdə də deyiləm. Bəziləri deyir, reklam üçün filan bunları deyirik, efirə çıxırıq. Mənim reklama ehtiyacım var bəyəm?! 20 ildən artıqdır ki, efirdəyəm. Mən acı çəkdiyim üçün nəsə deyirəm. O kəslərə demək istəyirəm ki, dirisi ilə əlləşdiniz, ölüsü ilə əlləşməyin heç olmasa!”

Məsələ ilə bağlı rejissor Kənan Mahmudovla (M.M.) əlaqə saxladıq. O, bunları dedi: “Bu məsələ ilə bağlı, danışmaq istəmirəm artıq. Ayıbdı. Dünyasını dəyişmiş adam haqda təhqir işlətmək kimsəyə baş ucalığı gətirməz. Bəziləri deyir ki sən Hüseynin pis günüdə harda idin? Kim nə bilir mən harda idim?! Hər kəs medalyonun bir tərəfini görür, digər tərəfi qapalıdır. Mən Hüseyn Dərya ilə 2000-ci ildən bir yerdə olmuşam. Biz ayda 1-2 dəfə də görüşməyimiz sosial əlaqələrimizə təsir etmirdi. Mənim bu gün də elə dostlarım var ki, xaricdə yaşayırlar. Amma lazım gəlsə onlar mənim yolumda, mən də onların yolunda canımızdan keçərik. Onlarla da görüşmə şansım çox az olur, lakin biz dostuq. İndi bəzilərinin səsləndirdikləri fikirlərə ümumiyyətlə rəy bildirmək istəmirəm. Hazırda əsas məsələ onun övladı, varisi Cahangiri qorumaqdır. Mənim nəfəsim gəlincə, ona dayağam”.

Keçmiş həyat yoldaşı Sona İbadova isə “Bu elə sözdür ki, cavabı belə yoxdur" - deyərək, bu barədə heç nə danışmaq istəmədiyini bildirdi. (musavat.com)

OXŞAR XƏBƏRLƏR