Hacıbəy HeydərliSon günlər Azərbaycan şou-biznesində yayılan bir xəbər çoxlarını təəccübləndirdi.
Əslində ziyalı kütlə, ciddi şəxslər bu xəbərə görməzdən gəldilər və bu haqda danışmağı, hətta xəbərə reaksiya verməyi özlərini sığışdırmadılar.Ancaq çox təəssüf ki, Azərbaycan səmasında quşun uçmasını da siyasiləşdirən bəzi mətbu orqanlar və köşə yazıları bu məsələni də siyasətlə əlaqələndirməyi özlərinə borc bildilər. Yəqin ki, çoxunuz hansı xəbərdən söhbət getdiyini anladınız.Müğənni Nadir Qafarzadəylə Səməd Səmədov bir neçə gün öncə zarafatyana şəkildə itlərini evləndirəcəkləri haqda açıqlama veriblər. Bu xəbərin qeyri-ciddiliyi, sadəcə şou tipli olması hər kəsə bəllidir və müğənnilər özləri də bunun zarafat olduğunu deyiblər.Ancaq çox təəssüf ki, bəzi qüvvələr bu məsələyə görə Azərbaycan xalqını tənqid, müğənnilər isə təhqir etməkdən çəkinmədi. “Azadlıq” qəzetinin köşə yazarı Səxavət Əlisoy bugünkü yazısında şou-biznes nümayəndələrini “debil” adlandırıb və bildirib ki, o, yerli müğənniləri ümumiyyətlə dinləmir. Ancaq hörmətli Səxavət bəy onlara köşə ayırmağa vaxt tapıb.Görəsən, görünüşcə ağsaqqal adamı xatırladan Səxavət bəyi nə vadar edib ki, bu haqda yazıb. Əgər doğurdan da siz bizim müğənniləri dinləmirsizsə, o zaman onlar haqda yazı yazmağı özünüzə necə rəva bilirsiniz?Daha sonra köşə yazarı televiziyalarımızı da təhqir etməkdən çəkinməyib. O belə müğənniləri efirə buraxan televiziyalar haqda xoşagəlməz sözlər işlədib. Faktdır ki, bu gün Azərbaycanda dünyanın öndə gedən bütün televiziyalarını izləmək mümkündür.Ayda sadəcə 9 manat verməklə, Azərbaycan telekanallarından başqa, Rusiyanın, Türkiyənin və digər ölkələrin telekanallarına da baxmaq mümkündür.Əminəm ki, azərbaycanlı müğənnilərə nifrət edən Səxavət bəy bunun yollarını məndən də yaxşı bilir. Amma köşə yazarı əmin olsun ki, xarici TV-lərdə də analoji şou proqramlarıyla qarşılaşacaq. Çünki televiziyaların missiyası arasında həm də insanları əyləndirmək var.Daha sonra köşə yazarı müğənniləri xalqı təhqir etməkdə suçlayır və insanlara çağırış edir ki, onları boykot etsin. Bu anda mənim də Səxavət bəyə bir neçə sualım var. Bəs sizin “debil” adlandırdığınız şou-biznes nümayəndələri bu xalqın nümayəndəsi deyilmi?Sizin tənqid etdiyiniz telekanallar onlara fikirlərini ifadə üçün məkan verir, amma sizin köşə yazarı olduğunuz qəzet onları bütün günü təhqir edir, aşağılayır.Sonda qeyd etmək istəyirəm ki, mən də itlərini evləndirməklə gündəmə gələn müğənnilərə haqq qazandırmıram. Onlar özləri də bunun zarafat olduğunu deyirlər. Sadəcə, demək istəyirəm ki, bu məsələni siyasiləşdirmək, müğənniləri “debil” adlandırmaq, xalqı aşağılamaq səlahiyyəti heç kimə başucalığı gətirməz.Əgər yazmağa mövzu tapmırsızsa, köşənizi boş saxlayın.