Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin və sağlamlığını itirmiş qazilərimizin ailələrinə, eləcə də onların övladlarına göstərilən yüksək diqqət və qayğı daim dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir.
Bu istiqamətdə həyata keçirilən sosial proqramlar, dəstək mexanizmləri və xüsusi layihələr onların rifahının təmin olunmasına, həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmişdir.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Banchini yeni tədris ilinin başlaması münasibətilə məktəbli şəhid və qazi övladları ilə görüşüblər.
Görüşdə dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi xüsusi diqqət və qayğı, həmçinin uşaqların qayğısız böyüməsi və keyfiyyətli təhsil alması üçün yaradılan geniş imkanlar barədə ətraflı danışılıb. Məktəblilərə yeni tədris ilində yüksək nailiyyətlər, uğurlar və davamlı inkişaf arzulayıblar.
ŞİH və qonaqlar tərəfindən uşaqlara məktəb ləvazimatları, xatirə hədiyyələri təqdim edilib, artıq ənənə halını alan görüş uşaqların sevincinə səbəb olub.
Valideynlər göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, belə humanist addımların hər zaman yüksək dəyərləndirdiklərini vurğulayaraq razılıqlarını ifadə ediblər.








