“Nakişi papaq qoysa da ondan kişi olmaz” - MÜSAHİBƏ

MARAQLI
23:17 08.10.2011
7551

Məşhurlara papaq tikən “Ən böyük milli papaq” rekordçusu “Yeni Müsavat”a danışdı

Kişinin tüfəngi olar, atı olar, bir də papağı. Ancaq bu deyim o vaxt üçün idi. Hətta o vaxtlar deyərdilər ki, papaq namus-qeyrətdir. Bunu milli kinolarımızın əksəriyyətində də görürük. Ancaq indiki kişilərdə bunların hər üçünü tapmaq çətin məsələdir. Tüfəngli, atlı kişilər qalsa da papaqlı kişilər çox az saydadır. Belə desək, indi çoxu başıaçıq gəzir. Amma Kamil kişi illərdir ki, həm papaqsız başlar üçün papaq tikir, həm özü geyinir, həm də bu sənəti yaşadır. Gəlin, bu sənətdəki bütün incəlikləri, fərqliliyi və sairəni elə papaqçının dilindən eşidək.

“Papaqçı olduğum üçün ailəm utanırdı, mən isə...”

Kamil Əlağa oğlu Məlikov 1955-ci ildən bu sənətlə məşğuldur. 1932-ci il təvəllüdlü usta bu sənətə 23 yaşında gəlib. Kamil dayıdan öncə bu sənətə necə gəlməyi barədə soruşduq. O deyir ki, məhz böyük Nizami Gəncəvinin “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan” kəlamına görə bu sənəti atmayıb: “Hərbi xidmətimi yerinə yetirib gələndən sonra bu peşənin sirlərini öyrənməyə başladım. O zamanlar azərbaycanlıları bu peşəyə yiyələnməyə qoymurdular. Amma ermənilərlə yəhudilərə mane olan yox idi. Çünki bu peşədə yaxşı qazanc var idi. Bir müddət keçdi, papaq sexində işləməyə başladım. Bu peşənin dərinliyini öyrənəndən sonra təkbaşına sifariş qəbul etməyə başladım. Artıq 1955-ci ildən papaqçıyam. 56 ildir yəni”. Papaqçının bu işə hədsiz marağı və istəyi onu bu sənətdən uzaqlaşdıra bilmir: “Ailəmizdə həmişə məni tənqid edirdilər ki, bu sənətdən bir şey çıxmaz, get oxu. Hətta papaqçı olduğum üçün ailəm utanırdı da. Ancaq mən bu sənəti atmadım. Yəni sənəti seçmisənsə, onu heç vaxt yarımçıq qoymaq olmaz”. Kamil kişi daha köhnə, peşəkar papaqçıların qalmadığını, çoxunun ölüb getdiyini söyləyir: “Cavanların da bu sənətə gəlməyə marağı yoxdur. Xaricdən də o qədər mal gətirib töküblər ki, sənətkarın malları işləmir, ona görə də bu sənətə maraq getdikcə azalır. Ancaq bu sənəti kimsə yaşatmalı, gələcək nəsillərə ötürməlidir. Axı papaq bizim milli rəmzlərimizdən, atributlarımızdan, maddi mədəniyyət nümunələrimizdən biridir. Onu qorumaq lazımdır”. Onu da deyək ki, Kamil kişi “Ən böyük milli papaq” nominasiyası üzrə rekord qazandığı üçün Azərbaycan rekordçusudur. Divardan asdığı mükafatı fəxrlə göstərən papaqçı ona verilən qiymətə görə çox sevindiyi söylədi.

Bakı mollaları milli papaqlarımızdan xəbərsizdir?

Hər adamın başında papaq gəzdirə bilmədiyini deyən Kamil kişi də təsdiqləyir ki, keçmişdə hər kişinin başında papaq olması əsas şərt idi: “Kişidə papaq, qadınlarda isə şal, yaylıq, ləçək şərafət nişanəsi sayılırdı. Buna görə də heç vaxt kişinin papağı başından əskik olmazdı. Bunları istər milli kinolarımızda, istərsə də o dövrkü məşhurların, şair və yazıçıların fotolarında görmək mümkündür”. Ancaq Kamil dayı indiki papaqlardan və papaq qoymayan adamlardan şikayət edir: “Təəssüf ki, bu gün papaq qoyanların sayı çox azdır. İndi elə papaqlar moda düşüb ki, adamın gülməyi gəlir. Mənə 100 manat da versələr, o papağın eynisini tikmərəm. Kişinin kişi papağı olmalıdır. Ancaq bir şey də var ki, kişiliyi olmayan nakişi insan papaq da qoysa, ondan kişi olmaz”. Papaqçının sözlərinə görə, hər bölgənin öz papağı və bu papağın başa qoyulma tərzi var: “Tikdiyim papaqlar mənim deyil, millətimin papağıdır. Bütün xalqların öz milli papaqları var. Ancaq iki millətdən başqa. Rusiya qaraçıları və ermənilərin özlərinə məxsus olan papaqları yoxdur. Dövlətlər arasında Özbəkistan və Əfqanıstanın özünəməxsus milli papaq növləri var. Yəhudilər də adi adamlardan prezidentə kimi başlarına girdə araqçın qoyurlar”. “Bizim nəyimiz onlardan əskikdir” sualını verən papaq xiridarı onu da vurğulayır ki, indiki gənclər gündəlik başlarına papaq qoymurlar, heç olmasa öz toylarında papaq geysinlər: “Mən başa düşə bilmirəm ki, niyə bizim millət gedib xaricdən pis-pis şeylər öyrənirlər. Şapka nədir axı? Gənclərə məsləhətim o olardı ki, şapka yerinə kişi papağı qoysunlar başlarına. Milli papağı başına qoyan kişinin qəlbində millətçilik olar”. Kamil kişinin başqa bir şikayəti isə gənclərin milli papaqlarımızı digər xalqların papaqlarından ayıra bilməməsi ilə bağlıdır: “Hətta milli papaq kimi uzun illərdi başqa xalqların papaqlarından istifadə olunur. Bəzi rəqs oynayanların başında türkmən və digər xalqların papaqlarını görmək olar. Bundan başqa, din xadimlərimizin, xüsusilə mollaların istifadə etdiyi papaqlar bizimki deyil. Əksər adamların milli papaqlarımızdan xəbəri yoxdur”. Papaqçı deyir milli papağımızın adı “Süleymani”dir. Onu kinolarımızın əksəriyyətində aktyorlar başına qoyub: “İndi adlarını xatırlaya bilmirəm, amma məşhur aktyorların və bir çox tanınmış aşıqların papaqlarını mən tikmişəm”.

"Rus papağını tülkü, dovşan dərisindən hazırlayırlar"

Dükanda Atatürkün və Hacı Zeynalabdin Tağıyevin şəkilləri diqqətimi çəkir. Hər ikisinin başında papaq var. Kamil kişi deyir ki, Hacının başındakı papaq daqqa papaq, Atatürkün papağı isə general papağıdır. Sonra papağın növlərindən söz açır, deyir ki, çərkəzi papağı ən çox Gürcüstan azərbaycanlıları xoşlayır: “Bir də var, hacı papağı, yarma papaq, onu da ruhanilər başına qoyurlar. Elə adam var ki, deyir hacı papağı rus papağıdır. Ruslar heç vaxt Buxara dərisindən papaq qoymur. Rus papağını tülkü, dovşan dərisindən hazırlayırlar. Kənarları tüklü, ortası dərinin tərs üzündən hazırlanır”. Tikdiyi papaqları elə-belə yox, ürəklə tikdiyini söyləyən Kamil dayı deyir ki, papaq tikmək üçün qayçı, iynə, sap, metr, qəlib, bir də astar üçün parça gərəkdir. O, papağı tikiş maşını ilə tikir. Dərinin balacalığından, böyüklüyündən asılı olaraq hərdən 3-4 saata, hərdən də bir-iki günə bir papağı tikib başa gətirir: “54-dən 58 qədər olan baş ölçülərini standart hesab etmək olar. Nadir hallarda isə 65 ölçülü başa rast gəlir. Papaqlar zərif tikilişi, dəqiq ölçüsü, xoş görünüşü ilə seçilməlidir”. Peşəkar papaqçının dediyinə görə, papaq sifarişi olsa da dəri məsələsi çox çətindir. Gərək hansısa ölkədən dəri gətirəsən, bu da ucuz başa gəlmir: “Dərinin başa xeyri var. Papaq başa yaraşıq verir, həm də deyirlər papaq qoyan adamın qan təzyiqi olmur. Qaragül dərisini ancaq Türkmənistan, Özbəkistan, bir də Əfqanıstandan gətirirlər. Biz də papaqları adətən bu dəridən hazırlayırıq. Kasıb adamlar adətən ucuz papaq istəyir. Yaxşı dəridən olan papaqlar isə baha olur. Mənə əsasən 40-50 yaş arası və ondan yuxarı yaşı olanlar sifariş verir. Bir də daha çox kiçik toy üçün uşaqlara papaq tikdirirlər”. “Bəs papağı necə qorumaq olar” sualına Kamil kişinin cavabı belə oldu: “Sellofan torbanın içinə naftalin atıb papağı da qoyursan içinə, torbanın ağzını möhkəm bağlayıb asırsan. Onda papaq nə korlanmaz, nə də xarab olmaz. Papağı əgər istifadə etmirsənsə, mütləq asmaq lazımdır. Onda xarab olmur”. Qiymətlərə gəlincə isə bu o qədər də ucuz deyil. Usta bunu dərinin qiymətinin baha olması ilə əlaqələndirir. Belə ki, bir dəri 250-300 manata başa gəlir: “Papaqların qiyməti onun ölçüsündən və istifadə olunan dəri materialının keyfiyyətindən asılıdır. Qiymət 10 manatdan 150 manata qədərdir. Dəri papaqlar 60-70 manatdan başlayır”. Ayda neçə papaq satdığını deyə bilməyən ustanın sözlərinə görə, elə olur ki, beş gün heç nə satılmır, elə vaxt da olur ki, bir gündə iki papaq satılır. Ancaq yayda bazarı ölürmüş. Onun özündən sonra davamçısı yoxdur. Övladları olsa da onlar bu sənətə yiyələnməyi istəməyib. Hərdən yorulub bezsə də papaqçılıq sənətini seçdiyinə görə peşman deyil Kamil kişi. Atalar deyib ki, papağını qarşına qoy, yaxşı-yaxşı fikirləş. Amma kamil bir papaqçı olan Kamil dayı deyir, indi hansı kişiyə deyə bilərsən ki, papağını qoy qarşına fikirləş, hamısı papaqsızdır. Papaq qoyan kişilərə isə onun sözü bu oldu: “Papağınız boş qalmasın, papaqlı kişilər...”

Günay MUSAYEVA

OXŞAR XƏBƏRLƏR