Naqif Həmzəyev: "AŞPA-nın bu addımı gözlənilən idi və heç də şok effekti yaratmadı"

SİYASƏT
17:50 25.01.2024
351
"Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə Qərbin bir çox dövlətinin regionun daxili məsələlərinə müdaxilə vasitəsini itirməsi, bu qəbildən olan dövlət və təşkilatların heç də beynəlxalq hüquq və ədalət mövqeyindən yox, qərəzli, qeyri-obyektiv və məkrli mövqedən çıxış edərək, 30 ilə yaxındır sözdə də olsa dəstəklədikləri ərazi bütövlüyümüzün bərpasını həzm edə bilmədiklərinin göstəricisidir".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
 
Deputat bildirib ki, Azərbaycanın AŞPA ilə münasibətlərinin dayandırması tamamilə doğru addımdır:

"24 yanvar tarixində AŞPA-da nümayəndə heyətimizin səsvermə hüququnun 2025-ci ilin yanvar ayına kimi məhdudlaşdırılması haqqında qəbul etdiyi qətnamə Avropa institutlarında beynəlxalq hüquq və ədalət anlayışlarının sadəcə hansısa kankret dövlətlərin siyasi ambisiyalarına xidmət etdiyini göstərir. Nəzərə almaq lazımdır ki, Fransa ilə ölkəmiz arasında Fransanın hazırki prezidenti-qaynaqlı gərginliyin yaranmasının ardından Avropa Parlamenti millətvəkilləri başda olmaqla kontinental səviyyədə ölkəmizə qarşı siyasi qarayaxma kompaniyası başladıldı və AŞPA-da qəbul edilmiş qətnamə bu mənfur kompaniyanın sadəcə digər bir nəticəsidir. Bu kimi addımlar, təbikii bizim haqq davamıza və haqlı mövqeyimizə heç bir təsir edə bilməz: çünki, bütün bu gərginlik qeyd etdiyimiz kimi,sadəcə bir neçə şəxsin avropa siyasətini ələ almaq və siyasi maraqları naminə qəsdli şəkildə münasibətləri gərginləşdirmək məqsədinə xidmət etməkdədir. Buna qarşılıq isə Azərbaycan Respublikası özünün siyasi-diplomatik tövrünü ortaya qoydu və AŞPA ilə əməkdaşlıq dayandırıldı". 
 
Deputat AŞPA-nın son addımından təəccüblənmədiyini də bildirib: 

"AŞPA-nın belə bir addımı təbii ki, gözlənilən idi və heç də şok effekti yaratmadı. Çünki, diqqətinizə çatdırmaq istərdim ki, 2023-cü ilin 12 oktyabr tarixində AŞPA həqiqətləri təhrif edən və kəskin ermənipərəst mövqedən yazılmış cızma-qaralar qəbul etmişdi ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən dərhal reaksiya verilmiş və şiddətlə qınanmışdı. Dünənki qətnamə isə bir daha sübut etdi ki, AŞPA nə lokal anti-terror tədbirlərinin ardından Qarabağa səfər edən BMT missiyasının gəldiyi nəticələri, nə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının rəyini, nə də Laçındakı sərhəd-buraxılış məntəqəmizlə bağlı 6 iyul 2023-cü il tarixli Beynəlxalq Ədalət Məhkəməsinin qərarını nəzərə alır və bu avropalı millət vəkillərinə hər hansı qərarı diqtə edənlərin özləri belə qərar mexanizmlərində heç bir beynəlxalq hüquqi norma və ya kankret faktı hesaba qatmırlar.

Naqif Həmzəyev REAL partiyasının sədri İlqar Məmmədova da cavab verib: 

24 yanvar tarixli iclasda Azərbaycan nümayəndə heyətinin mövqeyinə dəstəyini ifadə edənlər Ukrayna və Türkiyə nümayəndə heyətləri oldu. Təbikii dünən AŞPA-da baş verən heç bir hadisənin gözlənilməz olmaması kimi, bu iki dövlətin dəstəyi də təəccüb doğurmadı. Lakin, maraqlı məqam bundan ibarətdir ki, dövlətimiz sülh və ədalət uğrunda olduqca çətin diplomatik-siyasi mübarizə apararkən ölkə daxilində Avropadan dəstək almış və almaqda olan şəxslər Avropa institutlarının mövqeyi ilə müqayisədə Türkiyə nümayəndə heyətinin mövqeyinə qarşı daha çox səs çıxarmağa başladılar. Mən xüsusilə REAL partiyasının sədri İlqar Məmmədovu nəzərdə tuturam. 

Unutmaq olmaz ki, ölkəmizi bütün məcralarda qeyd-şərtsiz dəstəkləyən dövlətlərdən biri məhz Türkiyə Respublikasıdır və xalqımız xüsusilə Vətən müharibəmiz zamanı Türkiyə dövlətinin, ictimaiyyətinin, hətta jurnalistlərinin ölkəmizin haqlı mövqeyi uğrundakı mübarizəsini, siyasi, və mənəvi dəstəyini heç bir zaman unutmayacaq. Bunu nəzərə alaraq, Türkiyə nümayəndə heyəti haqqında bu kimi fikirlərin cəmiyyətimizdə yer alması təəssüf doğurur və birbaşa olaraq Azərbaycan-Türkiyə münasibətlərinə zərbə cəhdi xarakteri daşıyır. Çünki, Azərbaycan-Türkiyə münasibətlərinin hazırki səviyyəsi belə Qərbin bir çox dövlətinin qorxulu yuxusudur və onlar qardaşlıq münasibətlərimizin gələcək inkişaf perspektivləri haqqında düşünməkdən belə ehtiyat edirlər. Bütün bunları nəzərə alaraq qeyd etmək istərdim ki, Türkiyə və Ukrayna nümayəndə heyəti dünənki iclasda ölkəmiz üçün əlindən gələni etdi. Bunu nəzərə alaraq azərbaycan ictimaiyyətini bu minvallı rəylərə inanmazdan öncə bütün proseslə əhatəli şəkildə tanış olmağa və faktiki şəraiti nəzərə alaraq hərhansı çoxtərəfli platformanın iştirakçısı olan dövlət haqqında rəy verməyə dəvət edirəm". 
 

OXŞAR XƏBƏRLƏR