Nar Mobile Bakutel 2013 sərgisində ən son yeniliklərini təqdim etmişdir - FOTOLAR

İQTİSADİYYAT
17:15 05.12.2013
1909

Mobile operator ilk dəfə “NarHome” cihazını təqdim edib

Nar Mobile mobil operatoru “İteca Caspian” şirkətinin keçirdiyi “Bakutel-2013” 19-cu Azərbaycan beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində iştirak edir. Mobil operator hər il olduğu kimi bu il də əldə etdiyi son yeniliklərini nümayiş etdirib.

Sərginin ilk günü, açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nar Mobile-ın stendi ilə tanış olub. İlk dəfə olaraq, Nar Mobile tərəfindən təqdim edilən “NarHome” cihazı ölkə başçısı cənab İlham Əliyevə təqdim edildi.

“Bildirmək istərdik ki, bu il təşkil olunan növbəti “Bakutel” beynəlxalq sərgisində şirkətimiz tərəfindən nümayiş edilən başlıca innovativ yenilik çağdaş informasiya texnologiyalarına cavab verən “NarHome” cihazıdır. Adıçəkilən qurğu, yüksəksürətli İnternet, TV-proqramlara keyfiyyətli qoşulma imkanları, sorğu ilə video və ya film sifarişi (Video on Demand) və digər maraqlı xidmətləri təmin edən bir texnologiyadır”, - deyə Azerfon telekommunikasiya şirkətinin Baş İcraçı Direktoru Kent Maknili bildirmişdir.

Qeyd edək ki, məişətdə istifadə üçün nəzərdə tutulmuş “NarHome” müxtəlif xidmətləri bir arada göstərən vahid və kompakt bir cihazdır. Öz müştərilərini bu cihazla təmin etmək imkanı əldə etmiş “Nar Mobile” yeni “NarHome” xidmətlər paketini təqdim edəcəkdir. Mobil operator ilkin mərhələdə İnternet, TV-proqram və sorğu ilə video xidmətini təmin etməyi, bir müddət sonra isə digər xidmətləri də aktivləşdirməyi planlaşdırır. “Nar Mobile” həmişə olduğu kimi bu dəfə də yüksək keyfiyyət və münasib qiymətlər strategiyasına sadiq qalacaqdır.

OXŞAR XƏBƏRLƏR