‘Nar Mobile’-ın sponsoru olduğu ‘Onlayn medianın inkişafına dəstək’ layihəsi başa çatdı - FOTOLAR

İQTİSADİYYAT
17:50 12.12.2013
1532

Mobil operatorun dəstək verdiyi Onlayn media müsabiqəsinin yekunları açıqlandı

“Nar Mobile” mobil operatorunun sponsoru olduğu “Onlayn medianın inkişafına dəstək” layihəsi uğurla başa çatdırılıb. Belə ki, jurnalistlər üçün keçirilən bir həftəlik təlimlərdən sonra, eyni layihə çərçivəsində elan edilmiş Onlayn media müsabiqəsinə də yekun vurulub və 11 dekabr 2013-cü il tarixdə “Four Seasons Baku” otelində keçirilən təqdimat mərasimində müsabiqənin qaliblərinin adları açıqlanıb. Ölkədəki informasiya cəmiyyəti quruculuğu barədə, xüsusilə elektron hökumət və İKT mövzusunda yazan jurnalistlərin hazırlanmasına, onların peşəkarlıq səviyyəsinin artırılmasına çalışan “Nar Mobile” hər zaman təhsil, maariflənmə və mədəniyyət sahələrini əhatə edən layihələrə böyük dəstək verdiyinə görə jurnalistlər, bloqçular və tələbələr üçün nəzərdə tutulmuş Onlayn media müsabiqəsi də şirkət tərəfindən bu qəbildən olan layihələrdən biri kimi dəyərləndirilib.

Təqdimat mərasimində “Onlayn medianın inkişafına dəstək” layihəsi çərçivəsində keçirilmiş təlimləri uğurla başa vurmuş jurnalistlərə xüsusi sertifikatlar verilib. Onlayn media müsabiqəsinin qalibləri və həvəsləndirici yer tutan gənc jurnalistlər isə diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Tədbirin təşkilatçılarından olan Multimedia Mərkəzinin direktoru Osman Gündüz müsabiqə çərçivəsində təqdim edilən 27 məqalə arasından seçilmiş qalib yazıların müəlliflərinə və 500-dən çox tvit bölüşən 70 mikrobloqçuya minnətdarlığını bildirərək onlara gələcək işlərində uğurlar arzulayıb.

Daha sonra “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Arpadarai çıxış edərək qaliblərə ən xoş arzularını çatdırıb və “Nar Mobile” mobil operatorunun gələcəkdə də bu kimi maarifləndirici və stimullaşdırıcı layihələrə dəstək verməyə hazır olduğunu bildirib. Tədbirə qatılan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə layihənin önəmindən bəhs edərək peşəkar ekspertlərdən ibarət Münsiflər heyətinə xüsusi minnətdarlığını bildirib və müsabiqə qaliblərini təbrik edərək onları daima obyektiv və dolğun yazılar yazmağa çağırıb.

“İKT İli” çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi ölkədə informasiya cəmiyyəti quruculuğuna, elektron hökumətin formalaşmasına dəstək vermək, informasiya cəmiyyəti ideyasını geniş kütlələrə çatdırmaqdan ibarətdir.

OXŞAR XƏBƏRLƏR