Ermənistanda böhran bütün sahələri əhatə edir və son prezident seçkilərinin saxtalaşdırılması bu böhranı daha da dərinləşdirir. Trend-in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatıMübariz QurbanlıYAP-ın rəsmi saytına deyib. Qurbanlı bildirib ki, işğalçı dövlətdə siyasi və sosial-iqtisadi böhran bütün cəmiyyətə sirayət edib. Onun fikrincə, belə bir şəraitdə seçkilərin saxtalaşdırılması qarşıdurmaları daha da artırıb. "Qərbyönümlü namizəd Hovanesyan iddia edir ki, seçkidə qələbə qazanıb. Amma göründüyü kimi, xaricdə bəzi dairələr Sarkisyanı müdafiə edirlər. Təbriklərin arxasında da onun hakimiyyətdə qalmasına dəstək amili dayanır", - Qurbanlı deyib. O həmçinin bildirib ki, böyük dövlətlər Sarkisyanı təbrik edirlərsə, bu təbriklər ictimai rəydə müəyyən mənada sakitləşdirici rol oynamasına xidmət edir. "Amma bütün bunlara baxmayaraq, işğalçı dövlətdə qarşıdurmanın davam edəcəyi gözlənilir. Bu seçkilərdən sonra Sarkisyan öz yerini möhkəmləndirsə, Ermənistanda mühacirət daha da yüksələcək, narazı elektorat bu ölkəni tərk etməyə başlayacaq. Necə deyərlər, ermənilər ayaqla səs verəcəklər. Yəni insanlar Sarkisyanın "qələbəsinə" ölkəni tərk etməklə münasibət bildirəcəklər", - YAP İcra katibinin müavini vurğulayıb.