"P.Diddy” kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb.
Bu barədə TMZ nəşri məlumat yayıb.
Nəşr yazır ki, Allenvud həbsxanasında təxminən min nəfər məhkum saxlanılır ki, bu da reperin əvvəlki (4 min nəfərlik) həbsxanası ilə müqayisədə xeyli azdır. Köçürülmə Kombsun keçən şənbə günü təcili xəstəxanaya yerləşdirilməsindən sonra baş verib.
Federal Həbsxanalar Bürosu "P. Diddy”nin xəstəxanaya aparılması və həbsxanadan köçürülməsinin rəsmi səbəbini açıqlamasa da, TMZ mənbələrə istinadən qeyd edib ki, reper həbsxanada "Dudus” kimi tanınan yamaykalı narkobaron Kristofer Kouk ilə dava zamanı başından xəsarət alıb.
Bununla yanaşı, Nyu-Cersidəki həbsxanada olduğu müddətdə Kombs dəfələrlə daxili intizam qaydalarını pozub. Bu səbəbdən o, yaxşı davranışa görə vaxtından əvvəl azadlığa çıxmaq üçün istifadə edə biləcəyi 41 günü itirib.
Xatırladaq ki, keçən ilin oktyabr ayının əvvəlində məhkəmə reperi 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib. Münsiflər heyəti onu fahişəliyə cəlb etmək məqsədilə insan alveri üzrə iki epizodda təqsirli bilsə də, reketlik və cinsi istismar məqsədilə zorla köçürmə ittihamları üzrə bəraət verib.
///qafqazinfo///











































