"Narkomanlığın mahiyyəti, doğurduğu fəsadlar və onunla mübarizə"

"Narkomanlığın mahiyyəti, doğurduğu fəsadlar və onunla mübarizə"
SOSİAL
14:57 25.04.2020
1079

İnsanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlətimizin ən mühüm vəzifələrindən biri kimi müəyyən edilmişdir. Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Çünki narkomaniya ilə mübarizə aparmaq çox çətindir. Belə ki, narkotik maddələrdən imtina etmək üçün insan güclü iradəyə malik olmalıdır.


Narkotik vasitələrdən istifadə ailələrin dağılmasına və cinayətkarlığın artmasına gətirib çıxarır. Narkotik vasitələr insanlarda asılılıq yaratdığından narkomanın narkotik vasitəni almağa pulu olmadıqda o, hər cür vasitəyə, yəni, oğurluğa, adam öldürməyə və digər cinayətlərə əl ata bilər. Bu elə bir bəladır ki, hər bir fərdin özünün və yaxud da özünə yaxın olan bir insanın başına gözlənilmədən gələ bilər.

 

Narkotik istifadəçiləri arasında yeniyetmələrin, gənclərin və qadınların olması faktı bu istiqamətdə fəaliyyətin sistemli və əlaqəli şəkildə təşkilinin təkmilləşdirilməsinin zəruri olduğunu göstərən ən əsas amillərdən biridir. Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması, eyni zamanda ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemin həllinə cəlb olunması ilk növbədə təbliğatı aparılmalı məsələlərdəndir.

 

Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev bu növ cinayəti cəmiyyətin "sosial bəlası" adlandırmışdır. Ulu öndər Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” Fərmanından sonra bu problemin həlli üçün həyata keçirilən tədbirlər kompleksi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.


Hal-hazırda da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” icra olunmaqdadır.


Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının, hüquq-mühafizə orqanlarının daim diqqət mərkəzindədir.

 

21-ci əsrdə cəmiyyətin bəlasına çevrilmiş narkomaniyaya qarşı mübarizə davam etdirilməli və daha da genişləndirilməlidir.

 

Narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır.

 

Bakı şəhəri, Nizami rayon prokurorunun köməkçisi

I dərəcəli hüquqşünas,Səadət Rüstəmova


OXŞAR XƏBƏRLƏR