NATO Rusiyanın Alyansa qeyri-rəsmi sənəd ("non-paper”) göndərdiyini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, NATO sözçüsü Allison Hart bildirib ki, Alyans Rusiyanın göndərdiyi sənədə cavab verib.
Onun sözlərinə görə, NATO-nun müdafiə məqsədli ittifaq olduğu və fəaliyyətləri ilə hərbi təlimlərinin Rusiyanın hər hansı ərazisi üçün təhlükə yaratmadığı cavab məktubunda vurğulanıb.
Hart qeyd edib ki, Alyans Rusiyanın güc tətbiqi ilə bağlı təhdidlərini, o cümlədən nüvə silahları ilə bağlı məsuliyyətsiz ritorikasını qətiyyətlə pisləyir.
NATO sözçüsü Rusiyanı Ukraynadakı müharibəyə son qoymağa çağırıb:
"Rusiyanın hibrid taktikalara əl atması çarəsizlik əlamətidir. Lakin bu, bizi Ukraynaya dəstək verməkdən çəkindirməyəcək. Müttəfiq ölkələrin ərazisinin hər qarışını müdafiə etmək üçün lazımi imkanlara sahibik. İstənilən təhdidə qarşı duracaq qədər güclü, hazırlıqlı və bacarıqlı olmaqda davam edirik”.
NATO-nun baş katibi Mark Rutte də son dövrlərdə Rusiyanın hibrid fəaliyyətlərinin Alyans ölkələrini Ukraynaya dəstəkdən çəkindirməyə yönəldiyini bildirib. O, NATO-nun bu cür təhdidlərə qarşı lazımi cavab imkanlarına malik olduğunu qeyd edib.
NATO-nun Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı (SACEUR) Alexus Grynkewich isə müttəfiq ölkələr arasında kəşfiyyat məlumatlarının mübadiləsinin artırıldığını açıqlayıb.
Onun sözlərinə görə, buna səbəb Rusiya tərəfindən həyata keçirildiyi ehtimal olunan sabotaj, kiberhücumlar və digər hibrid təhdidlərdir.
Gülay











































