Naxçıvanda məhkum valideynlər uşaqları ilə görüşüb.
AZXEBER.COM "Report"a xəbər verir ki, iyunun 1-də – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən "Konstitusiya və Suverenlik İli” çərçivəsində qarışıq rejimli cəzaçəkmə müəssisəsində məhkum valideynlərlə uşaqların görüşü keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Strateji Planlaşdırma və Monitorinq Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib. O, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uşaq siyasətinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Çıxışda işğaldan azad olunmuş ərazilərdə uşaq bağçaları, məktəblər və idman meydançalarının inşasına xüsusi önəm verildiyi vurğulanıb.
Bayram tədbiri Naxçıvan Dövlət Kukla Teatrının kloununun təşkil etdiyi müxtəlif oyunlar və musiqi nömrələri ilə uşaqlar üçün daha əyləncəli və yaddaqalan olub.
Sonda Penitensiar Xidmətin rəhbərliyi tərəfindən uşaqlara bayram hədiyyələri təqdim olunub.
Tədbirdə 12 məhkum və 20 uşaq iştirak edib.