Hesablama Palatasının 2025-ci il üzrə İş Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi (Agentlik) və tabeli qurumları tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə və idarə edilməsinə dair uyğunluq auditi aparılıb.
AZXEBER.COM xəbər verir ki, Agentlik tərəfindən müvafiq illərdə büdcə və büdcədənkənar xərclərin proqnozlaşdırılması düzgün aparılmayıb, 2023-cü ərzində isə bir neçə halda ödənişlərin təyinatı dəyişdirilərək xərc edilib.
Audit obyekti tərəfindən 2023 və 2024-cü illər ərzində bir sıra hallarda işçilərə artıq əməkhaqqı hesablanaraq ödənilib. İki il ərzində artıq hesablanaraq ödənilən vəsait audit dövrü ərzində büdcəyə bərpa edilib.
Agentliyin tabeliyindəki içməli su anbarlarına və təmizləyici qurğularına baxış zamanı bəzi hallarda ümumi çıxış sayğaclarının nasaz olduğu, bəzi hallarda isə sayğacların ümumiyyətlə mövcud olmadığı müəyyən olunub. Ümumilikdə, 1066288.0 m3 içməli suyun Agentliyin məlumatlarında qeydiyyatının olmadığı müəyyən edilib.
Audit obyektinin balansında olan su tutarlarında quraşdırılmış 3 ədəd Su Elektrik Stansiyasına elektrik enerjisi almaq üçün su verilmiş, lakin verilmiş suyun həcminin ölçülmədiyi, elektrik enerjisinin istehsalı ilə bağlı buraxılmış suyun dəyərinin aidiyyəti dövlət qurumu tərəfindən ödənilmədiyi müəyyənləşib.
Agentlik tərəfindən Muxtar Respublika ərazisində əkin altında olan torpaqlara suvarma suyunun verilişi icra edilib, lakin suvarma suyunun toplanması üçün suvarma şəbəkələrindən götürülən və istifadəçilərinə verilən suyun uçotunun aparılması üçün ölçü cihazlarının, ölçü-nəzarət sisteminin olmaması müəyyən olunub.
Muxtar Respublikada içməli su şəbəkəsinə sayğac quraşdırılıb və su satışı həyata keçirilib. Audit nəticəsində tikintisi yarımçıq qalmış su təmizləyici qurğunun fəaliyyət göstərməməsinə baxmayaraq, bəzi ərazilərdə abonentlərin balans mənsubiyyətində su ölçü cihazlarının quraşdırılması və əhalidən içməli suyun istifadəsinə görə vəsait toplanması halı da aşkarlanıb.
Audit qrupu tərəfindən suvarma suyunun mənbələrində verilən suyun həcminin ölçülməsi üçün hesablamalar həyata keçirilib. Alınan nəticələrə əsasən Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatı ilə müqayisə edildikdə 2023-cü ildə suvarma suyu üzrə itki tələb olunan suya nisbətdə 1.7 dəfə çox, 2024-cü ildə 1.4 dəfə çox olub.
Audit obyektinin ərazisində açıq havada yararsız vəziyyətdə olan 87 adda 115 ədəd böyük çəkili və əlvan metal tərkibli texnika və avadanlıqların olduğu və həmin əsas vəsaitlərin artıq istismar müddətini başa vurduğu müəyyən edilib, həmin texnika və avadanlıqların audit dövründə utilizasiyasının həyata keçirilməsinə nail olunmuş və utilizasiyadan əldə olunan vəsait büdcəyə ödənilib.
Agentlik tərəfindən balansında olan iri su tutarları və hövzələri istisna olmaqla qalan digər meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılması həyata keçirilməyib.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su Təmir-Tikinti İdarəsi ilə təchizadçı arasında Qaraçuq 1 nasos stansiyasının ərazisində Araz su anbarından qidalanan yeni nasos stansiyasının tikintisi üçün avadanlıq və mal-materialların alışı məqsədilə 6437962.29 manat məbləğində bağlanmış 16.06.2022-ci il tarixli müqaviləyə əsasən alınmış avadanlıq və malların mövcudluğuna baxış keçirilən zaman İdarə tərəfindən bu avadanlıq və malların əksər hissəsinin adları, texniki göstəriciləri, sayı və s. barədə birbaşa sifarişçi olmaması səbəbindən məlumatsız olduqları müəyyən edilib. Həmçinin yuxarıda qeyd olunan avadanlıq və mal-materialların alışı üzrə müqavilənin şərtinə əsasən təchiz edilmiş avadanlıq və malların istehsalçı və təchizatçı tərəfindən mövcud olan nasazlıqlar, çatışmazlıqlar, fiziki qüsurlar və s. aradan qaldırılması üçün tanınan müddət bitib.
Agentlik tərəfindən dövlət satınalmaları ilə bağlı qanunvericiliyin tələblərinə bir sıra hallarda riayət edilməmiş, ilkin satınalma planı hazırlanaraq təsdiq edilməmiş, dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməyib, 2023-cü ildə 7 halda 132615.0 manat dəyərində satınalmalar həyata keçirilərkən razılıq alınmadan birbaşa müqavilə bağlanılmış, bəzi hallarda satınalmalar hissələrə bölünərək satınalmalar həyata keçirilib.
Ehtimal olunan qiymətlərin müəyyən edilməməsi və ya düzgün müəyyən olunmaması, habelə müqavilələrin icrası üzrə nəzarət mexanizmlərinin təkmil olmaması dövlət vəsaitinin artıq istifadəsinə yol açıb. 2024-cü ildə tikinti materiallarının satınalınması üçün 257000.57 manat dəyərində açıq tenderin keçirilməsinə dair müqavilə bağlanılıb, vəsaitin ödənişi tam həyata keçirilib, lakin 7 adda 41987.31 manat dəyərində avadanlıq göndərilməyib və ya yararsız olduğu üçün geri qaytarılıb. Audit dövründə həmin avadanlıqlar təchizatçıdan tələb olunaraq bərpa olunub.
Hesablama Palatasının Kollegiyası tərəfindən aşkar edilmiş məsələlərlə əlaqədar səlahiyyətlərinə uyğun tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti qurumlara məlumatların göndərilməsi qərara alınıb.