Naxçıvanlı elm adamları beynəlxalq simpoziumda iştirak ediblər

Naxçıvanlı elm adamları beynəlxalq simpoziumda iştirak ediblər
MƏDƏNİYYƏT
16:20 30.09.2013
1793
25-27 sentyabr 2013-cü il tarixlərində Türkiyə Cuhmuriyyətinin Əhlət, Bitlis və Tatvan şəhərlərində II Beynəlxalq Əhlət-Avroasiya Mədəniyyət və Sənət Simpoziumu keçirilib.
AZXEBER.COM-un məlumatına görə, Bitlis Eren Universiteti, Bitlis Valiliyi, Bitlis Bələdiyyəsi, Bəlli Mədəni Araşdırmalar Mərkəzi və Əhlət Mədəniyyət və Təhsil Vəqfinin birgə təşkilatçılığı ilə keçirilən simpoziumda müxtəlif nüfuzlu elm və tədqiqat mərkəzlərinin, universitetləri təmsil edən elm adamları iştirak ediblər. Beynəlxalq Simpoziumda muxtar respublikamızdan olan elm adamlarının müxtəlif mövzularda etdikləri məruzələr maraqla qarşılanıb, geniş müzakirələrə səbəb olub.
AMEA Naxçıvan Bölməsi əməkdaşlarından AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Naxçıvan və Şərqi Anadolu ərazilərində Orta tunc dövrü mədəniyyəti”, filologiya üzrə fəlsəfə doktoru Məhsəti İsmayıl “Mifo-poetik düşüncə - Şərqi Anadolu və Azərbaycanın ortaq inanc mədəniyyəti”, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov “Şərqi Anadolu və Azərbaycan şifahi xalq ədəbiyyatında uşaqların tərbiyəsi”, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov “Kültəpə və ətrafındakı inanc yerləri”, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi İlhami Əliyev “XVI-XVIII əsrin əvvəllərində Azərbaycanın Naxçıvan bölgəsinin ticarət əlaqələri”, İnstitutun kiçik elmi işçisi Elnur Kəlbizadə “Azərbaycan Atabəyləri (Eldənizlər) dövründə Naxçıvan diyarı şəhərləri və qalalarının tarixi-coğrafiyası”, Naxçıvan Dövlət Universitetinin əməkdaşlarından filologiya üzrə fəlsəfə doktoru Əbülfəz Əzimli “Əhlət – Əhlət daşımızdır”, memarlıq üzrə fəlsəfə doktoru Gülnarə Qəmbərova “Əhlətin tarixi və memarlıq dəyəri olan məzər daşlarının bəzək naxışları” mövzularında apardıqları tədqiqatlarından bəhs ediblər.
Beynəlxalq simpoziumun sonuncu günü iştirakçılar Əhlətin tarixi məkanları – Əhlət-Səlcuqlu məzarlığı və bir sıra tarixi türbələrlə tanış olublar. Qeyd edək ki, beynəlxalq simpoziumda Azərbaycanın digər universitet və elm mərkəzlərinin təmsilçiləri də iştirak ediblər.
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR