Naxçıvanın Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov Türkiyədə həbs edilib. Türk mediasının verdiyi xəbərə görə, Naxçıvanla sərhəddəki Dilucu gömrük keçid məntəqəsində həyata keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində o, Qarsda tutulub. M Təyyarədən enən kimi onu Qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşları həbs ediblər.
Məlumata görə, İstanbuldan Qarsa gələn M.Seyidov elə aeroportda saxlanılıb. Onu saxlayanlar isə İğdır Əmniyyət Müdürlüyünün qaçaqçılıq və mütəşəkkil cinayətlər şöbəsinin əməkdaşları olub.
Gömrük rəisinin saxlanması İğdır Dilucu sərhəd keçid məntəqəsi əməkdaşlarına qarşı irəli sürülən ittihamlarla bağlıdır.
Bu əməliyyat zamanı aralarında gömrük məmurlarının da olduğu 17 nəfər saxlanılıb. Onlardan 5 nəfəri barəsində həbsqətimkan tədbiri seçilməsi üçün müraciət olunub.
Ümumilikdə isə əməliyyat İstanbul, Qaziantep və Artvini əhatə edib. 2 il davam edən təqiblərdən sonra bir çox ünvana polis eyni zamanda basqın edib.
Dilucu sərhəd məntəqəsindəki əməliyyatda həmçinin 130 min dollar, 50 min lirə, 1 icazəsiz silah və çox sayda sənəd ələ keçirilib.
Azərbaycanın Qarsdakı Baş konsulluğunun İğdır təmsilçisi Asiman Əliyevin də polisə gələrək məsələ ilə bağlı məlumat aldığı bildirilir.
Qeyd edək ki, Dilucu sərhəd keçid məntəqəsində 280 polis əməkdaşının iştirakı ilə böyük əməliyyat keçirilib. Əməliyyat zamanı 7 gömrük işçisi (1-i qadındır) 10 daşıma şirkətinin sahibi olmaqla 17 nəfər həbs edilib. (publika)