Biz həmin gün müxtəlif mövzularda söhbət edəndən sonra, son illər çəkilən yerli seriallar haqda da danışdıq. Elmira xanım Azərbaycanda çəkilən serialları tənqid edərkən, belə bir fikir işlətdi: “Yaşar Nuri işsiz qalmaq istəmədiyi üçün gedib, “Bacanaqlar” kimi şit bir serialda çəkildi. Amma sonradan belə səviyyəsiz serialda çəkilməyi həzm edə bilmədiyi üçün xəstələnib yatağa düşdü”.Azərbaycan özü boyda şou-biznes meydançasına çevriləndən sonra əsl sənət adamlarının çoxu öz peşəsindən üz döndərdi. Artıq neçə illərdi ki, Habil Əliyevin kamançasını toz basıb. Yalçın Rzazadə çoxdan oxumağın daşını atıb. Rasim Balayev kimi istedadlı aktyor isə gününü qəzet oxumaqla keçirir. İndi Azərbaycan tamaşaçısının zövqünü Elməddinlə Fərda formalaşdırır.Peşə fəaliyyətimlə əlaqədar olaraq, tez-tez müxtəlif sənət adamları ilə görüşüb, söhbət etmək imkanım olur. Hamı təxminən eyni sözləri deyir: indi sənətkara qiymət verən yoxdur!Gəlin, bu suala birlikdə cavab tapaq: sənətkara kim qiymət verməlidir?Yəqin ki, bu məsələdə hamının mövqeyi üst-üstə düşür: əsl sənətkara dövlətin mədəniyyət siyasətini həyata keçirən adamlar qiymət verməlidir.Ortaya yenə sual çıxır: bəs, dövlətin mədəniyyət siyasətini həyata keçirən adamlar nə işlə məşğuldur?Bu sualın cavabı hamıya aydındır: Azərbaycan dövlətinin mədəniyyət siyasətini həyata keçirən adamlar musiqi təhsili, səhnə mədəniyyəti, hətta ibtidai sinif şagirdi qədər savadı olmayan şəxslərə fəxri ad, müxtəlif dövlət mükafatları verməklə ötən yüz il ərzində formalaşmış bütün ənənələri məhv edirlər.İnanmırsınız?Gəlin, belə adamların biri ilə tanış olaq. Yəqin ki, Səməd Səmədovun adı sizə tanışdır. Azərbaycan cəmiyyətinin “Toylar kralı” kimi tanıdığı bu adam indi xalq artistidir. “Reytinq” qəzetinin sonuncu sayında Səməd müəllimlə geniş müsahibə dərc olunub. Müsahibənin adı belədir: “Arvad qapını üzümə açmaq istəmir”.İnsanların şəxsi həyatı bizi maraqlandırmır. Gəlin, yaradıcılığı ilə bağlı suala Səməd müəllimin verdiyi cavabla tanış olaq: “Gecə-gündüz işləyirəm. Bu ay 14 toyum var”.Bu müsahibəni oxuyandan sonra Səməd Səmədovun fəxri adı necə aldığı mənə tam aydın oldu. Eşitdiyimə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tez-tez toya gedir. Görünür, Əbülfəs müəllim ürəyiyumşaq adam olduğu üçün Səməd Səmədovun hər gün toyda tər axıtmasına laqeyd qala bilməyib. Maraqlısı odur ki, fəxri ad alması Səməd müəllimin özüçün də gözlənilməz olub. Jurnalistin bununla bağlı sualına Səməd Səmədov belə cavab verib: “Xalq artisti adını alanda “Oazis” restoranında idim. Prodüsserim gəldi ki, sənə xalq artisti adı veriblər. Dedim ki, alə, get tullan, məni ələ salırsan? İnanmadım”.Açığı, Səməd Səmədovun fəxri ad aldığını eşidəndə, mən də inanmamışdım. Elə buna görə də Əbülfəs müəllimdən soruşmaq istəyirəm: cənab nazir, Səməd Səmədovun ifa etdiyi hansı mahnı Sizin qəlbinizi riqqətə gətirdi ki, onun fəxri ada layiq görülməsi üçün təqdimat yazdınız? Lütfən, bu suala səmimi cavab verin: böyük sənətkarımız Qara Qarayevin hansı mahnısını Səməd Səmədova etibar edərsiniz?Müsahibədə başqa maraqlı məqamlar da var. Müxbir Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşının Əbülfəs Qarayevi istefaya çağıran Əli Mirəliyevi “başdanxarab” adlandırmasına da münasibət öyrənib. Səməd Səmədov bu suala belə cavab verib: “Qələt edirlər. Onun nə başı xarabdı, nə də xəstədi. Baxmayaraq ki, o, məni tənqid edir, amma mən düzünü danışıram. İndi sözün düzünü deyənləri başdanxarab adlandırırlar”.Əbülfəs müəllim, görürsünüz, Sizin istefa verməli olduğunuzu təkcə “başdanxarab” adlandırdığınız Əli Mirəliyev deyil, həm də bir xalq artisti dilə gətirir. Bəlkə, xalqın səsini eşidəsiniz. Onsuz da bu müsahibədən sonra başqa yolunuz qalmayıb...