“İsveçin xarici işlər naziri Karl Bildtin avtoritarizmin nə olduğunu əsla bilməməsi çox təəccüblüdür.
Erməni xalqının mövqeyini nəzərə almadan Avrasiya İqtisadi İttifaqına daxil olan Ermənistandakı hakim rejimi avtoritar adlandırmaq daha düzgün olardı”.
Virtualaz.org saytı xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı bəyanatda belə deyilir. XİN sözçüsü Elman Abdullayev İsveç XİN rəhbəri Karl Bildtin Azərbaycanı tənqid etməsi, rəsmi Bakını avtoritarizmdə günahlandırması faktını virtualaz.org saytına şərh edərkən belə deyib.
E.Abdullayev K.Bildtin Azərbaycan hakimiyyətini “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıqdan imtina etməkdə ittiham etməsinə də sərt münasibət bildirib: “Azərbaycanın “Şərq tərəfdaşlığı” proqramında iştirakına gəlincə isə biz həmişə Avropa İttifaqı ilə əməkdaşlıq tərəfdarı olmuşuq. Buna görə də Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər strateji əməkdaşlıq kimi qiymətləndirilməlidir”.
Qeyd edək ki, K.Bildt Azərbaycan hakimiyyətinin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında iştirak etmək cəhdlərinin səmimiliyinə şübhə etdiyini, bunun da “ölkədəki avtoritar rejimlə bağlı olduğunu” bəyan edib.
“Azərbaycan xüsusi tarixçədir. Onlar neft üzərində oturublar və avtoritar siyasi inkişafla məşğuldurlar. Bu da bizə problemlər yaradır” - deyə K.Bildt Vaşinqtondakı çıxışında deyib.