Nazirlik rəsmisi qazilərin etirazı, kəsilən pensiyalar və saxta əlillik haqda danışdı - VİDEO

SOSİAL
14:38 08.06.2022
800
AZXEBER.COM-un "Onun 10 cavabı” rubrikasının qonağı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovdur.
 

O, ictimaiyyəti, media nümayəndələrini maraqlandıran sualları cavablandırdı, eləcə də son günlər nazirliklə əlaqəli baş verən məsələlərə aydınlıq gətirib.

- Müharibədən sonra ən çox narazılıqların ortaya çıxdığı nazirlik ƏƏSMN oldu. Siz müraciətlərin hər birinə baxıldığını desəniz də, qazilər və digər vətəndaşlar bunun əksini bildirir. Sizcə belə reaksiyalara səbəb nədir?

- Mən belə hesab edirəm ki, dediyiniz fikirlər bütün qazilərin və cəmiyyətin fikrini əks etdirmir. Müharibə iştirakçılarına cəmiyyətimiz tərəfindən rəğbət, hörmət və diqqətlə yanaşı, dövlət tərəfindən onlara yönələn sosial dəstək tədbirlərinin icrasına minnətdarlıq fikirləri də olub. Buna hər gün həm mətbuatda, həm də sosial şəbəkələrdə rast gəlmək mümkündür. Şəhid ailələrinə, müharibə iştirakçılarına, müharibədə yaralanmış və sonradan əlillik statusu verilmiş qazilərimizə dövlət başçısının tapşırıqlarına uyğun olaraq çox genişmiqyaslı sosial dəstək paketi icra olunur.
 
Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi də bu paketdə sosial dəstək tədbirlərinin əsas icraçılarından biridir. Nazirlik aidiyyatı qurumlarla birlikdə müharibə iştirakçılarının və şəhid ailələrinin sosial, mənzil problemlərinin həlli istiqamətində, məşğulluqla təmin edilməsində ardıcıl işlər həyata keçirir. Bunu sübut etmək üçün rəqəmlərə müracət etmək kifayət edir. İndiyədək yüz min şəxsə 175 min xidmət göstərilib. Ən əsas xidmətlərimizdən biri 93 min şəxsə təyin edilən sosial ödənişlərdir. Yəni, 93 min şəxs hazırda post-müharibə dövründə sosial ödənişlərlə-pensiya, müavinət və təqaüdlərlə təmin olunublar. Aylıq olaraq nazirliyin qurumu vasitəsilə bu ödənişlər həyata keçirilir.
 
Bildiyimiz kimi müharibədə iştirak edən hər bir qazimizə "Müharibə veteranı” statusu verilib və Prezident təqaüdü təyin edilib. Əlilliyi olan şəxslərə gəldikdə isə, onlara nazirliyin aidiyyatı qurumu tərəfindən əlillik statusu verilib. Həmin şəxslər əlliliyə görə müavinət, pensiya və təqüdlə təmin olunur. Mənzil təminatına gəldikdə isə, ölkədə şəhid və müharibə əlillərinə yönəklən dəstək proqramlarının həcmi, dünyada nümunəvi qəbul edilməlidir. Çünki bu həcmdə və bu miqyasda post-müharibə dövrü yaşamış ölkələrdə dəstək proqramı olmamışdı. 7 mindən çox avtomobil müharibə əlillərinə təqdim olunub.
 
Sadaladıqlarım şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən qayğının bariz nümunəsidir. Sizin konkret sualınızın cavabına gəldikdə isə, təbii ki, bu imtiyazlardan yararlanmaq yalnız ona hüququ çatan şəxslərə məxsusdur. Bəzi hallarda müharibədə iştrak etmiş, yüngül yaralanmış və buna görə dövlətin əlillik proqramından istifadə edərək, ciddi cəhdlə əlillik almaq üçün müraciət edən və israrla bunu tələb edən bəzi vətəndaşlarımız var ki, burada qanunun aliliyi qorunur. Qanunvericilik çərçivəsində bu məsələlərə baxılır.
 
Bütün hallarda bizə edilən bütün müraciətlər cavablandırılır, hər dəfə eyni sualla müraciət edən eyni şəxs olsa belə, biz onun müraciətinə cavab verib, izahlar aparırıq. Əlilliyin təyinatı müxtəlif qurumların, hərbi həkimlərin komissiyalardan verdiyi şəhadətnamə, tibb müəssisəsinin verdiyi "Forma 88” sənədiylə həyata keçirilir. Sənədlər toplandıqdan sonra elektron sistemə daxil edilir, nazirliyin əməkdaşları tərəfindən qəbul edilərək əyani müayinəyə salınır, əyani müayinə zamanı komissiyanın rəyi ilə əlillik verilib-verilməməsi haqda qərar qəbul olunur.

- Ötən həftə bir qrup qazi ƏƏSMN-ə basqın etdi, hətta qapını qıraraq içəriyə daxil oldular. Onları bu dərəcəyə çatdıran nə olub və konkret olaraq nə istəyirlər?

- 2 iyun tarixində baş vermis bu hadisə bizi də çox narahat edir. Burada birmənalı olaraq bildirmək lazımdır ki, baş vermis bu insident dövlətin qazilərə göstərilən diqqət və qayğısını kölgə altına ala bilməz. İyunun 2-də səhər saatlarında bir neçə qazi, Vətən müharibəsində iştirak edən bizim qardaşlarımız nazirliyin qarşısına yığışdılar. Bizim qəbul şöbəsinin nümayəndələri onları içəri dəvət etdi. Lakin onlar əvvəl içəri keçməkdən boyun qaçırdılar, dedilər ki, bir neçə dostlarını, yoldaşlarını gözləyirlər. Belə başa düşmək olar ki, onlar ümumi yığışıb nazirliyə daxil olmaqda maraqlı idilər. Nəhayət ki, onlar 11 nəfərlik bir heyət olaraq formalaşdıqdan sonra nazirliyə daxil olmaqda maraqlarını ifadə etdilər. Biz də təbii ki, növbəlilik qaydasında onları nazirliyə dəvət etdik. Çünki nazirliyin qəbul şöbəsində təkcə müharibə iştirakçıları, müharibə veteranları deyil, ümumilikdə, həssas kateqoriyadan olan digər vətəndaşlarımız da qəbul edilir. Həmin gün də qəbul şöbəsinə müraciət edənlərin sayı çox idi. Onlara içəri növbəli şəkildə daxil olmasını xahiş etsək də, səbrsizlik nümayiş etdirdilər və bu insident baş verdi. Çox təəssüflə qeyd etmək istərdim ki, bu 11 nəfərin bir çoxunun əlillik təyinatı hələ ötən dövrdə həyata keçirilib, onlar sosial ödənişlər alıblar. Məsələn, onlardan biri Hacı Vəliyevdir. Hacı Vəliyev hələ 2021-ci il may ayının 6-sı tarixindən etibarən ölkəmizin ərazi bütövlüyü üçün vuruşması ilə əlaqədar II dərəcə əlilliyi var. 1000 manatdan artıq sosial ödənişlər alır. Ona 6600 AZN sığorta ödənişi edilib.
 
YAŞAT Fondu tərəfindən 12 min manat məbləğində maddi yardım edilib. Onun müalicəsi və digər xidmətlərdən istifadə etməsi üçün şərait yaradılıb, adını çəkdiyim qazimiz dəfələrlə ƏƏSMN-nin rəhbər şəxslərinin qəbulunda olub. Nazir müavini onu qəbul edib, idarə sədrləri, şöbə müdirləri onu qəbul edib. Yəni, kifayət qədər onun müraciətləri olub və hər biri vaxtında, operativ cavablandırılıb. Bununla yanaşı, Cəfərov Qadir Habil oğlu, ona da 1 yanvar 2022-ci il tarixində Müharibə veteranı kimi Prezident təqaüdü təyin edilib. Sığorta ödənişi alıb. Lakin mayın 4-də əlilliyinin qiymətləndirilməsi ilə bağlı aparılan əyani müayinə nəticəsində qanunvericiliyə uyğun olaraq onun diaqnozunun əllilik təyinatına əsas vermədiyi barədə qərar qəbul edilib. Bir daha bildirmək istəyirik ki, hər bir qazimiz bizim üçün dəyərlidir. Onların xidmətləri danılmazdır. Amma əllik qiymətləndirilməsinə gəldikdə isə burada qanunvericiliyin tələbləri, təsdiq edilmiş əlillik meyarları əsas götürülür ki, dövlət qurumunun rəsmisi də məhz o qanuvericiliyə uyğun olaraq bu qərarı verir və ona da qanunvericiliyə uyğun olaraq əlillikdən imtina qərarı verilmişdir. O cümlədən, Məmmədov Samir Cavanşir oğlu, ona da yanvar ayının 1-dən Müharibə veteran kimi Prezident təqaüdü təyin edilib. Sığorta ödənişi edilib.
 
YAŞAT Fondu tərəfindən maddi yardım edilib. İsmayılov Samir İsmayıl oğluna bir neçə il öncədən III dərəcə əlillik təyin edilib. Hazırda pensiya, təqaüd təyin edilib. Dost İş mərkəzinin ödənişli ictimai işlərində çalışır. Yəni, dediyim kimi, 11 nəfərlik siyahıda hər birinin müraciəti olub, müraciətinə cavab və hüququ yarandığı bütün sosial dəstək mexanizmlərindən istifadə etdikləri əlimdəki bu arayışda mövcuddur. Onların sırasında əlillik almayanlara dəstək olaraq əlillik almış qazilərin gəlməsi və ciddi cəhdlə onlara da əllik təyin edilməlidir tələbini irəli sürmələri yolverilməzdir. Təbii ki, hökümət qurumunun qərarının dəyişilməsinə yönələn hər hansı hərəkət qəbuledilmədir. Hər halda dövlət orqanı olaraq bizim vəzifə borcumu həm də qanunun aliliyini qorumaqdır. İnanıram ki, bunu qarşı tərəf də, imtina cavabı almış qazilərimiz də dərk edəcəklər.

- Siz qeyd edirsiniz ki, hər bir xəstəlik əlillik təyinatına əsas verə bilməz. Müharibə iştirakçıları isə bildirir ki, onlar xəstəliyi sırf müharibədə qazanıb və buna görə yardım, pensiya istəyirlər. Onların gətirdiyi bu arqument doğru deyilmi?

- Əlillik məsələsi sırf sağlamlıq məsələsidir. Əlillik məsələsi sosial məfhumdur və onun fəlsəfəsində insan fəaliyyətinin əmək qabiliyyətini nə dərəcədə bacarmasının bağlılığı var. Hər xəstəlik əlillik statusunun verilməsi ilə nəticələnə bilməz. Amma qazilərimizin təbii ki, yaralanaması, müəyyən qədər xəsarət almaları hansısa dərəcədə onların sağlamlığında müəyyən problemlərin yaranmasına səbəb ola bilər. Çünki söhbət müharibədən gedir və müharibə insan həyatının, cəmiyyətin ən sərt üzüdür və orada baş vermiş hadisələr, orada olan qan-qada, döyüş yoldaşları arasında itkilər, yəni söhbət düşmənlə üz-üzə qalmış oğullardan gedir. Onların aldıqları psixoloji sarsıntılar özü təbii ki, digər mülki həyatdakı insanların sağlamlığından tam fərqlidir. Amma bunun dərəcəsi əgər qanunvericiliklə əlillik təyinatına əsas vermirsə, nazirlik əməkdaşı bunu təyin edə bilməz.
 
Qaldı ki, yaranmış olan o xəstəliklərin bərpasına, müalicəsinə, reabilitasiyasına, dövlətin kifayət qədər resursları var ki, onların sağlamlıqlarının qorunması və bərpası istiqamətində tədbirlər həyata keçirir. Bunu YAŞAT Fondunun timsalında görmək olar. Amma əlillik məsələsinə gəldikdə isə, bu, yalnız ağırlaşmalar olarsa, qazimiz yenidən müraciət edərsə, onda baxıla bilər. İyulun 1-dən əlilliyin qiymətləndirilməsində yeni meyarlar tətbiq ediləcək. Bunun da təşəbbüskarı elə ƏƏSMN-dir. Yeni meyarlar bu gün yeni qiymətləndirmə gətirəcək. Hazırda əlillik meyarlarında imtina səbəbi kimi mövcud olan amillərin bir çoxu yeni meyarlar tətbiq edildikdək sonra aradan qaldırılacaq. Yəni, əlillik qiymətləndirilərkən nəzərə alınan xəstəliklərin sayı təxminən 4 dəfədən çox artacaq. Əgər bu gün 23 xəstəlik növü üzrə əlillik təyinatı həyata keçirilirsə, iyulun 1-dən etibarən 500-dən çox xəstəlik növü üzrə əlillik qiymətləndirilməsi həyata keçiriləcək.

- Açıqlamada qeyd etmişdiniz ki, nazirliyin qapısını qırıb içəriyə daxil olan şəxslər eyni zamanda digər avadanlıqlara da ziyan vurublar. Onlar haqqında hüquqi tədbirlərin görülməsi də nəzərdə tutulurdu. Bununla bağlı yenilik varmı? Həmin şəxslər barəsində nə gözlənilir?

- Bizim qapımıza gələn və bizə müraciət edən Vətən müharibəsi qaziləridir, müharibə iştirakçılarıdır. Bizim məqsədimiz o deyil ki, hansısa hüquqazidd əməl törədən qazimiz mütləq hüquq cəza alsın. Məqsədimiz bu deyil. Vətən müharibəsi iştirakçılarının hər biri öz sözlərini döyüşdə, düşmənlə üz-üzə durarkən deyiblər. Ona görə də, biz onların qarşısına baş əyirik. Amma ortada bir insident var, hüquq pozuntusu var. Qapı qırıldı, müəyyən kompüter avadanlıqlarına xəsarət yetirdilər. Turniket qırıldı və s. Hüquq Mühafizə Orqanları da bu faktları rəsmiləşdirdilər. Təbii ki, hüquqi qiymət veriləcək. Bir daha bildirmək istəyirik ki, bizim məqsədimiz maarifləndirmə, məlumatlandırma, müharibədə iştirak edən vətəndaşlarımızın hüquqlarını onlara çatdırmaq, hüququ yaranmış vətəndaşlarımızın hüquqlarını operativ şəkildə təmin etməkdir.

- İnsident iştirakçıları şəxsən nazirin özünün onların qarşısına çıxmasını və onların suallarını cavablandırmasını istəyirdilər. Hətta deputatlardan da qeyd edənlər oldu ki, digər nazirlər rayonlara gedib vətəndaşları qəbul edə bilirsə, ƏƏSM naziri niyə bunu etmir? Bu fikirlərə münasibətiniz necədir?

- Cənab nazirin qəbul qaydaları mövcuddur. Bu qəbul qaydaları nazirliyin saytında dərc edilib. İstənilən şəxs o qəbula yazıla bilər. Qəbul qaydalarına uyğun olaraq qəbullar həyata keçirilir. Bu, istənilən qurumda qaydalar belədir. Qaldı ki, regionlarda qəbul məsələsinə, regionlarda qəbul məsələsini nazirlik özü müəyyən etmir. Ali orqan tərəfindən bu tapşırıq verilir. Ondan sonra mərkəzi icra hakimiyyəti orqan rəhbərləri qəbulları həyata keçirir. Yaxın zamanlarda regionlarda da qəbulların başlaması planlaşdırılır. Hər halda dediyim bu fikirləri həmin təklifləri irəli sürən millət vəkilləri də çox yaxşı bilirlər.
 
Vətəndaşların qəbuluna gəldikdə isə, Bakıda qəbul qaydalarına uyğun hər kəs qəbula yazıla bilər və qəbul da olunurlar. Amma ayın 2-də nazirliyə gələn 11 nəfər Vətən müharibəsi iştirakçısının heç birinin nazirlə görüşmək istəyi yox idi. Elə bir fikir irəli sürməyiblər. Ötən dövrlərdə bu istəklər olub, bu istəklər nəzərə alınaraq nazir müavini səviyyəsində öz istəklərinə uyğun olaraq bu qəbullar həyata keçirilir.

- Sosial şəbəkələrdə bu cür halları şərh edənlər bunun nazirlik üçün pis nəticələrlə yekunlaşacağını qeyd edirlər. Belə halların ən pis nəticələri nə ola bilər? Bunlar vəzifə dəyişikliyinə gətirib çıxara bilərmi?

- Əslində bu suala cavab vermək mənim səlahiyyətimdə olmayan məsələdir. Hər halda nazirlik kollektivi təkcə saat 9-dan 6-a kimi deyil, 7/24 çalışır. Post-müharibə dövrünün təbii ki, çətinlikləri var. Post-müharibə dövrünün çətinliklərini aradan qaldırılması təkcə vəzifə borcumuz deyil, həm də bir insanlıq borcumuzdur. Nazirlik kollektivi olaraq biz hər zaman fəaliyyətdəyik. Böyük əzm və həvəslə həm şəhid ailələrimizin, həm müharibə iştirakçılarının sorğularını, müraciətlərini cavablandırmağa hazırıq. Onların üzləşdikləri problemlərin həlli istiqamətində qanunvericiliyə uyğun olaraq tədbirlərin görülməsində maraqlıyıq.

- Bu cür xoşagəlməz halları düşmən mətbuatı da işıqlandırılaraq ölkəmizin nüfuzunu gözdən salmağa çalışırlar. Belə vəziyyətin ortaya çıxmasında kimi günahkar görürsünüz? Bu halların qarşısının alınması üçün nələr edilməlidir?

- Biz inanırıq ki, bu hadisə sonuncu olacaq. Təbii ki, bu hadisənin səbəbkarları bunu özləri də dərk edəcəklər ki, biz qalib ölkənin qalib ordusunu cəmiyyətdə ancaq yüksək peşəkarlıqlarını, onların döyüş ruhu və əzmini, məğrur duruşlarını təbliğ etməliyik. Çox təəssüf ki, bəzi sosial şəbəkə səhifələri ölkəmizin əleyhinə qara piar apararaq bundan istifadə edirlər və biz onlara çalışmalıyıq ki, mövzu verməyək.

- Aparılan araşdırmalar nəticəsində xeyli sayda saxta əlillik aşkarlandı və ləğv edildi. Saxta sənədlərlə saxta əlillik necə alınıb? Bu illər ərzində həmin şəxslərin aldıqları məbləğin aqibəti necə olacaq? Bu haqda danışmağınızı istəyərdim.

- Təbii ki, saxta əlillik mövzusu nazirliyin son 4 ildə apardığı ciddi islahatlardan biridir. Ötən il bu tədbirlərin ən böyük miqyasının biz şahidi olduq. 2016-cı ildə elektron sistemə keçid mərhələsində kifayət qədər vətəndaşın əlilliyi yoxlanılmadan elektron sistemə onların əlilliyinin uzadılması barədə qərar verilmişdir. 5 il müddətində yenidən yoxlanıldı. 2021-ci ildə nazirlik qarşısında böyük bir çağırış yarandı. Bir tərəfdən əlilliyin qiymətləndirilməsində şəffaflığın təmin edilməlisi, bir tərəfdən 5 il öncə müxtəlif yollarla əlillik əldə etmiş vətəndaşların əyani müayinələri, onların yoxlamadan keçirilməsi, onların sənədlərinə baxılması, elektron sistemdəki məlumatların uyğunluğu və ya uyğunsuzluğunu araşdırma ilə böyük bir iş yükü yarandı. Biz hesab edirik ki, bunun öhdəsindən gəldik. Biz bunu ona görə etdik ki, qanunun aliliyi qorunmalıdır və bu sahədə ciddi şəffaflıq olmalıdır.
 
Qeyri-qanuni olaraq dövlət vəsaitini mənimsəmə halları aradan qaldırılmalıdır. Ən əsası isə həqiqətən əlilliyi olan vətəndaşlarımızın hüquqlarının qorunması baxımından bu, mühüm əhəmiyyət daşıyır. Çünki saxta əlilliyi olan vətəndaşlara ödənişlərin dayandırılması ilə biz 4 dəfə artımların çox olduğunu görmüş olduq. Son 3 ildə sosial ödənişlərin artım dinamikasına fikir versək, artımları görmək olar. Məhz bu siyasət, bu icra prosesi həqiqətən əlilliyi olan şəxslərin, qayğıya ehtiyacı olan şəxslərin sosial ödənişlərinin artırılmasına, yüksəldilməsinə və layiqli həyat sürmələrinə gediş imkanlar açdı.

- Son vaxtlar Milli Məclisin deputatları arasında da nazirliyi tənqid edən, müxtəlif iddialar səsləndirənlər olur. Nazirlik isə onların fikirlərini təhrif edir. Həqiqətən də deputatlar ƏƏSMN ilə əlaqə yaratmaqda çətinlik çəkirlərmi?

- Mən hesab etmirəm ki, bizim Parlamentdə təmsil olunan millət vəkillərimizlə nazirliyin həm rəhbər vəzifəli şəxslərinin, həm də digər vəzifəli şəxslərin kommunikasiyasında hansısa problem var. Bu, belə deyil. Biz millət vəkillərinin il ərzində bizə ünvanladığı çoxsaylı məktublarının hər birini operativ cavablandırmışıq. Biz bu barədə statistika da açıqlamışıq. İstər şifahi sorğu olsun, istər yazılı sorğu olsun, istər bizim nümayəndələr Parlament iclaslarına dəvət olunanda orada olan sorğu-sual olsun, hər biri vaxtında və operativ cavablandırılır. Ola bilər ki, hər hansısa deputatımızın hansısa biri bizim nazirliyin fəaliyyətindən xəbər olmasın. O anda da bizim vəzifə borcumuz həmin millət vəkilini məsələdən xəbərdar etməkdir. Hesab edirik ki, bu əməkdaşlıq çox yüksək səviyyədə qurulub. Nazirlik olaraq da biz tənqidə dözümlüyük, iş olan yerdə həmişə tənqid etmək üçün mövzu olur.

- Nazirliyin önümüzdəki dönəmdə qarşıya qoyduğu hansı məqsədlər var? Hansı müsbət yeniliklər və dəyişikliklər gözlənilir?

- 4 il bundan öncə cəmiyyətə açıq nazirlik devizini qoyduq. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qapıları oraya gələn, müraciət edən istənilən şəxsin üzünə açıqdır. Biz bu məqsədlə Cənab Prezidentin fərmanı ilə Birinci Vitse-Prezidentin təşəbbüsü ilə DOST Mərkəzlərini ortaya qoyduq. Bu gün artıq 5 DOST Mərkəzi, isə Zəngilanda Smart DOST məntəqəsi olmaqla 6-cı da vətəndaşlara xidmətdin bir pəncərədən, şəffaf və müasir üsullardan istifadə etməklə təqdimetmə modelini təqdim etdi. Bizim məqsədimiz yaxın gələcəkdə bütün ölkəni DOST xidmətləri ilə təmin etmək və elektronlaşma xidmətimizi genişləndirməkdir.
 
Aydın Nuri,
Hüseyn Həsənov

OXŞAR XƏBƏRLƏR