Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Qızılağac"da baş verən yanğın barəsində açıqlama yayıb.
Dünən saat 14 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində baş vermiş yanğın saat 20 radələrində ETSN və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşlarının səyləri nəticəsində söndürülüb.
Yanğının baş verdiyi ərazi əsasən dəniz sahili, qamışlıq-bataqlıq olduğundan və küləklə müşayiət olunduğundan onun söndürülməsi bir qədər çətinlik yaradıb. Əraziyə cəlb olunmuş FHN-nin Lənkəran və Masallı rayonlarının yanğından mühafizə bölmələrinin texnika və canlı qüvvəsindən, Qızılağac Dövlət Təbiət Qoruğunun və ETSN-nin müvafiq yerli qurumlarının əməkdaşlarının əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğının söndürülməsinə nail olunub.
İlkin hesablamalara görə, yanğın nəticəsində 16 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.
Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə hazırda araşdırma aparılır.