Nazirlikdən Ramiz Əzizbəylinin vəziyyətilə bağlı - AÇIQLAMA

MƏDƏNİYYƏT
13:45 24.02.2014
1904
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov Ramiz Əzizbəyliyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən heç bir köməkliyin olunmadığını və bu işlə birbaşa "Azərbaycanfilm” kinostudiyasının məşğul olduğunu bildirib:
"Ona ən yaxşı səviyyədə baxılır. Mətbuatda oxuduğuma görə, Ramiz Əzizbəyliyə xəstəxana rəhbərliyi pulsuz müalicə və müayinə təşkil edib. Mədəniyyət və Turizim Nazirliyi olaraq biz də istəyirik ki, tez zamanda sağalsın. Sadəcə ünvanı düzgün müəyyən etmək lazımdır. Əgər o xəstədirsə, səhhətində problem varsa, səhiyyə sistemi cavabdehdir. Çox hörmətli sənətkarımızdır".
"Ailəsi bildirir ki, öz hesabına müalicə olunur" fikrinə İntiqam Hümbətov cavab verib: "Mən bilmirəm öz hesabına müalicə olunur, yoxsa yox... Onlar nə deyiblər, bilmirəm. "Azərbaycanfilm" kinostudiyasının rəhbəri 2 dəfə onlarla əlaqə saxlayıb. Onlar sənətkarla maraqlanırlar. Ehtiyac olsa, yenidən baxılacaq.
"Nə vaxt baxılacaq? Bu insan ağır xəstədir. Bəlkə də, ömrünə sayılı günlər qalıb" fikrinə İ.Hümbətov belə cavab verib: "Biz nə isə edəndə o sayılı günlər uzanırmı? Lazım olan köməklik ediləcək".
"Azərbaycanfilm” kinostudiyasının direktoru Müşviq Hətəmov isə məsələ ilə bağlı mövqe.az-a açıqlamasında belə bildirib: "Hal-hazırda xəstəxanadan, Ramiz Əzizbəylinin yanından gəlirəm. Həkimlər Elxan Qasımov və Surxay həkimlə danışdıq. Vəziyyət elə də yaxşı deyil. Bilirsinizmi, bu məsələdə yardımsevər təşkilatlar da öz sözünü deməlidir. Daha çox onlar köməklik etməlidir. Biz əlimizdən gələni edirik. Lazım gələrsə, həkimlər ehtiyac duyarsa, ona böyük köməklik də edilər".
Xəstənin yaxınlarının, ailəsinin dediyinə görə isə sənətkar ailəsinin hesabına xəstəxanada müalicə və müayinə olunur. Ramiz Əzizbəylinin qızı Xədicə xanım açıqlamasında bildirib : "Müalicə pulludur. Kinostudiyadan gələn, müəyyən yardım edən olub. Amma ki, nazirlikdən bizə heç bir kömək olunmayıb. Öz gücümüzə müalicə və müayinə etdiririk".

OXŞAR XƏBƏRLƏR