"Şəhriyar Məmmədyarov adını şahmat tarixinə iri hərflərlə yazmış şahmatçımızdır. Çox qürur hissi duyuruq ki, dünyanın 3 ən yaxşı şahmatçısı arasında Şəhriyarın da adı yer alır".
AZXEBER.COM xəbər verir ki, bunu modern.az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova dünya şöhrətli şahmatçı Şəhriyar Məmmədyarovun şəxsi "Facebook" səhifəsindəki açıqlamasına münasibət bildirərkən deyib.
Nazirliyin sözçüsü, tanınmış şahmatçının öz pulu hesabına yarışlara qatılması fikirlərinə də aydınlıq gətirib.
"Şəhriyar indi yarışdadır. Onu anlayırıq. Ola bilər ki, həyəcan və narahatçılıq onda müəyyən hisslər oyadıb və bu hisslər də Şəhriyarı o fikirləri yazmağa vadar edib. Nə yazmasından asılı olmayaraq, Şəhriyar bizim üçün önəmli şahmatçılardan biridir.
Şəhriyarın yarışlara getməsinə gəldikdə isə Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci ildə təqdim olunan tədbirlər planına əsasən, 250 min manat, 2018-ci ildə isə 200 min manat vəsait ayrılıb. Bu vəsait şahmatçıların yarışa getməsi, yolpulu və qidalanma, səfərləri üçün nəzərdə tutulur. Qeyd edim ki, əlavə xərclər də ödənilib.